Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Beynəlxalq Bakı konfransında “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda geniş müzakirələr aparılıb YENİLƏNİB 2 VİDEO

Bakı, 12 aprel, AZƏRTAC

Aprelin 12-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib və müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.

Beynəlxalq konfransı açan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, qədimliyi və müasirliyi özündə təcəssüm etdirən, tarix boyu Şərq ilə Qərb arasında İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzi olan Azərbaycan multikulturalizm, tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər dinlərə mənsub insanlar nadir dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və qayğısından yararlanırlar. Ölkəmizdə məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur.

Şeyxülislam deyib ki, dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək qlobal miqyasda ümumbəşəri ideyaların himayədarı kimi çıxış edir. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsinin təqdirəlayiq olduğunu vurğulayan A.Paşazadə deyib: “Bunlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirən təşəbbüslərdir. Müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində əməli səylər göstərən dövlətimizin başçısının “İslam Həmrəyliyi İli” ideyası yalnız İslam dünyası daxilində deyil, İslam dini ilə digər dinlər arasında həmrəyliyin harmoniyasını ehtiva edir. Növbəti İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi də bu məramın təzahürüdür. Azərbaycan bütün dünyaya nümayiş etdirir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına əsaslanan cəmiyyət yaratmaq mümkündür. Bu gün Azərbaycan dünyaya uğurlu ideyalarını təqdim etmək qüdrəti olan dövlətə çevrilib”.

Xalqımız, dövlətimiz bu uğurlara ulu öndər Heydər Əliyevin dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlarımızı milli birlik, mənəvi vəhdət ideyaları ətrafında bir araya gətirən xilaskar azərbaycançılıq məfkurəsi sayəsində imza atdığını bildirən Allahşükür Paşazadə vurğulayıb ki, Prezident İlham Əliyev qətiyyətli siyasi iradəsi sayəsində Azərbaycanı multikulturalizm, İslam həmrəyliyi ideyalarının mərkəzində duran bir ölkə kimi gündəmə gətirməklə beynəlxalq aləmdə böyük siyasi-mənəvi uğura nail olmaqdadır. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın ölkəmizdə və beynəlxalq müstəvidə genişmiqyaslı fəaliyyəti, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğ etməsi, ümumbəşəri dəyərlərə diqqəti və himayəsi ölkəmizin bu istiqamətdə söz sahibinə çevrilməsinə ali xidmətdir.

Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan Prezidentinin sülhsevər siyasətini dəstəkləyən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh yolu həllini istəyən xalqımız ədaləti bərpa etməyə qadirdir. QMİ sədri deyib: “Bu günlərdə ildönümünü qeyd etdiyimiz aprel zəfəri bunun bariz nümunəsidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ali Baş Komandanın əmrinə müntəzir Azərbaycan Ordusu bayrağımızı işğal altında olan bütün torpaqlarımızda ucaldacaq, inşallah. Dədə-baba torpaqlarımıza qovuşub oradakı dini-mənəvi məkanlarımızı bərpa edəcəyik. Dövlətimizin başçısının dəstəyi ilə Cocuq Mərcanlıda tikiləcək məscid xalqımız üçün müjdə olacaq”.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev konfransda çıxış edərək Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etdiyini xatırladaraq deyib: “Multikulturalizm İli”ndə Azərbaycan özünü dünyaya tanıtmaq istiqamətində, eyni zamanda, bir daha özünü tanımaq istiqamətində çox işlər gördü və bu təşəbbüsün bəhrələrini biz hələ zaman-zaman görəcəyik. Avropada multikulturalizmin real iflası fonunda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə gedən multikultural hərəkat, əslində, buna qarşı mənəvi, intellektual çağırış oldu və bu bədbin fonun qarşılığında biz Azərbaycanda nikbin bir qütbün formalaşmasının şahidi olduq. Bunun hərəkətverici qüvvəsi isə Prezident İlham Əliyev oldu”.

“Multikulturalizm İli”nin məntiqi davamı kimi, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin bir çox mətləblərdən xəbər verdiyini deyən Kamal Abdullayev bildirib ki, bu ildə Azərbaycanda təkcə islamdaxili harmoniya deyil, eyni zamanda, digər daxili və dünyadakı konfessiyalar arasında həmahənglik nəzərdə tutulur. Bu cür harmoniya təkcə Azərbaycana deyil, bütün dünyaya, yaxın və uzaq qonşularımıza, Avropada, Yaxın və Uzaq Şərqdə, dünyanın hər yerində gedən mənəvi, mədəni proseslərə çox böyük təsir göstərə bilər.

“Azərbaycanda “Multikulturalizm İli”ndə əldə olunmuş təcrübədən, əlbəttə, “İslam Həmrəyliyi İli”ndə də istifadə ediləcək. Azərbaycandakı multikultural hərəkat bir katalizator rolunu da oynadı və dünyanın müxtəlif ölkələrində, intellektual dairələrində bu prosesə dayaq və dəstək oldular. Azərbaycan multikulturalizmi bir model kimi bu ölkələrdə öyrənilməyə başlandı. Bu gün Avropanın 15 ölkəsində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir”, - deyə Kamal Abdullayev əlavə edib.

Dövlət müşaviri deyib ki, bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan multikulturalizmi” dərsliyinin yaradılması üzərində çalışır. Dərslikdə Azərbaycan multikulturalizminin ən müxtəlif istiqamətlərdən işıqlandırılması nəzərdə tutulur. Bu fənni tədris edən bir çox xarici ölkə müəllimləri Azərbaycan multikulturalizminin öz ölkələrinin multikulturalizmi ilə müqayisə olunmasını xahiş edirlər. Bu, çox faydalı və perspektivli nəticələrə gətirən bir məqamdır.

“Bu yaxınlarda Azərbaycan multikulturalizminin bugünkü durumuna verilən qiymət İsveçrənin Bern şəhərində özünü göstərdi. Dinlər Evində Azərbaycan və İsveçrə multikulturalizmlərinin müqayisəli təhlilinə həsr olunmuş geniş beynəlxalq konfrans keçirildi. Multikultural modellərin müqayisəsi, əlbəttə ki, xalqların, dövlətlərin canında, potensialında olan bəşəri dəyərlərin bir daha üzə çıxarılmasına imkan yaradır. Bu istiqamətdə bizim dünyaya deyiləsi sözümüz çoxdur”, - deyə Dövlət müşaviri vurğulayıb.

Konfransın çox mühüm və aktual məsələyə həsr olunduğunu deyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi çox mühüm hadisədir və bunun böyük siyasi, iqtisadi, mənəvi və ideoloji əhəmiyyəti var. Bu gün bəşəriyyətin qarşısında duran ən mühüm məsələlərdən biri planetimizi, sülhü qorumaq, dünyadakı mövcud dinlərin və xalqların inkişafına hərtərəfli dəstək verməkdir. “Bu gün dünyamız çox təhlükəli və gərgin dövr yaşayır - çoxsaylı münaqişələr, müharibələr. Regionumuzda da münaqişələr var. Ermənistanın Azərbaycana qarşı təcavüzü uzun müddət davam edən münaqişədir. İndi 67 ölkənin ərazisində silahlı toqquşmalar baş verir. Bu münaqişələr nəticəsində öz yurd-yuvalarını tərk edən insanların sayı BMT-nin statistikasına görə 65 milyon nəfəri ötüb. Bunun bir milyon nəfəri Ermənistanın təcavüzü nəticəsində öz torpaqlarını tərk etmək məcburiyyətində qalan Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda, dünyada olan müharibə ocaqlarının, həmçinin törədilən terror əməllərinin böyük hissəsi müsəlman ölkələrinin payına düşür”, - deyə M.Qurbanlı vurğulayıb.

Komitə sədri deyib ki, bu gün İslam həmrəyliyi İslam dünyası üçün çox mühüm məsələdir. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar, söylədiyi fikirlər, verdiyi qərarlar bütün İslam dünyasında geniş əks-səda doğurmaqla bərabər, bizə gələcək fəaliyyətimizdə böyük stimul verəcək. “İslam dünyasına qarşı çıxan dairələr islamofobiya yaradaraq başqa ərazilərdə İslamın yayılmasına mane olurlar, İslamı terrora bağlamağa cəhd edirlər. Bu, İslam dünyasını daha sıx birləşməyə sövq edən amildir. İslam həmrəyliyi müasir dünyamızda yaranmış gərginliyin aradan qaldırılmasında çox mühüm rol oynaya bilər. Məhz buna görə Prezident İlham Əliyevin “İslam Həmrəyliyi İli” ilə əlaqədar irəli sürdüyü fikirlər yalnız Azərbaycana, ölkəmizdəki dini konfessiyalara, müsəlman aləmi ilə digər konfessiyalar arasında münasibətlərə aid olmaqla bərabər, eyni zamanda, bütün dünyada gedən proseslərə təsir göstərəcək bir hadisədir. Əgər dünyada sülh, əmin-amanlıq, dünyanı nüvə müharibəsi təhlükəsindən uzaqlaşdırmaq istəyiriksə, biz müxtəlif dinlərin, mədəniyyətlərin, sivilizasiyaların harmoniyasına nail olmalıyıq. İslam həmrəyliyi bizim üçün yol xəritəsidir. Biz bu yolla uğurla irəliləməliyik. Qafqaz Müsəlmanları İdarəsi, dövlət qurumları bu tədbirləri təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da beynəlxalq miqyaslı tədbirlər formatında keçirmək niyyətindədir. Əminəm ki, bu tədbirlər, atılan addımlar bütövlükdə İslam həmrəyliyinə, sülhə böyük töhfə verəcək”, - deyə M.Qurbanlı əlavə edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanacaq. Bu Anlaşma Memorandumu Türk-İslam birliyinin inkişafına töhfəsini verəcək.

Tədbirin keçirilməsinin böyük əhəmiyyət daşıdığını deyən G.Əfəndiyeva qeyd edib ki, İslam həmrəyliyi müasir dünyamızda mühüm məsələlərdən biridir. İslam həmrəyliyinə mədəni və dini müxtəlifliyin harmoniyası prizmasından yanaşmaq məsələnin aktuallığını xüsusilə artırır. Bu yanaşma İslam daxilindəki anlaşılmazlıqların, eləcə də dinlərarası ziddiyyətlərin aradan qaldırılmasına öz töhfəsini verəcək.

“Bu gün qloballaşan dünyada İslam həmrəyliyi ideyası həm də ona görə vacib əhəmiyyətə malikdir ki, hazırda bəzi qüvvələr İslam dininə qarşı düşmən münasibət formalaşdırmağa çalışır. Bu, bizim hər birimizi çox narahat edir. Şübhəsiz ki, İslam dininə münasibətdə bu cür yanaşma əsassızdır və bu, İslam dəyərlərinin yanlış dərk edilməsindən, qeyri-düzgün interpretasiyasından irəli gəlir. Odur ki, İslami dəyərləri dərindən öyrənmək lazımdır. Çünki İslam dinini dərk etdikcə onun humanizm, tolerantlıq, xoş rəftar, mərhəmət daşıdığının, yüksək əxlaqi dəyərləri təbliğ etdiyinin şahidi oluruq”, - deyə Fondun prezidenti vurğulayıb.

Günay Əfəndiyeva deyib ki, müasir dövrdə terrorizm bəşəriyyətin qarşılaşdığı ən böyük təhlükələrdən biridir. Son vaxtlar dünyanın müxtəlif ölkələrində törədilən terror hücumları nəticəsində çoxsaylı insan itkisi hər birimizi sarsıdıb. İstər İslam, istərsə də qeyri-İslam ölkəsində baş verməsindən asılı olmayaraq, terrorizmi İslam və ya digər din ilə eyni müstəviyə qoymaq düzgün deyil, çünki terrorun dini yoxdur.

Konfransın əhəmiyyətini yüksək qiymətləndirən Fondun prezidenti bildirib ki, İslam dünyasının ayrılmaz hissəsi olan və tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu diyardır. Burada müxtəlif xalqların, mədəniyyətlərin və konfessiyaların nümayəndələri həmişə sülh və əmin-amanlıq içərisində yaşayıblar. Belə bir mədəni-dini müxtəlifliyin harmoniyasında İslam dəyərlərinin qorunması Azərbaycanın İslama bağlı dünyəvi dövlət olduğunun təzahürüdür. Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi, bir aydan sonra Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ölkəmizdə İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində aparılan işlərdən xəbər verir. Yenicə fəaliyyətə başlamış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu dövlətlər arasında yalnız mədəni həmrəyliyin yox, eləcə də digər sahələr üzrə əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rola malikdir. Bu beynəlxalq təşkilat öz fəaliyyətində İslam həmrəyliyini daim dəstəkləyəcək.

Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etmək ərəfəsində belə genişmiqyaslı konfransın keçirilməsinin ölkəmizdə bütövlükdə həmrəyliyə və mədəniyyətlərarası, dinlərarası dialoqa böyük və ardıcıl şəkildə dövlət siyasəti səviyyəsində olan sədaqətin, ehtiramın bariz nümunəsi olduğunu bildirib. Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi həm ölkə daxilində bu istiqamətdəki multikultural dəyərlərin, tolerantlığın, dinlərarası etimadın və həmrəyliyin daha da möhkəmlənməsinə töhfə verəcək, eyni zamanda, qlobal xarakter daşımaqla, bəşəriyyəti həmrəyliyə, birliyə, sülhə, əməkdaşlığa çağırır. Akademik deyib : “Bu böyük işin ölkəmizdə möhkəm təməlləri Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən formalaşdırılıb. Məhz Ulu Öndərin müstəqilliyin ilk illərində ölkəmizdə formalaşdırdığı din-dövlət münasibətləri, dinlərə, təriqətlərə, mədəniyyətlərə obyektiv elmi baxışın, ədalətli münasibətin hökm sürməsi siyasəti bugünkü multikultural, həmrəylik siyasətinin də möhkəm təməllərini təşkil edir. Ulu Öndərin böyük dəstəyi ilə 1998-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən “İslam Sivilizasiyası Qafqazda” adlı beynəlxalq simpozium müstəqilliyini bərpa etmiş ölkələrin həyatında bu istiqamətdə atılmış birinci böyük addım idi və o, bizim gələcək fəaliyyətimizin strateji əsaslarını müəyyən etdi. 2015-ci ildə Prezident İlham Əliyevin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasında “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans da həmin siyasətin yeni tarixi şəraitdə yaradıcı şəkildə davamı olub, ölkəmizdə multikultural dəyərlər, həmrəylik, dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı dövlət siyasətinin ardıcıllığını bir daha nümayiş etdirdi”.

İslam həmrəyliyinin hər şeydən əvvəl İslam maarifçiliyi demək olduğunu bildirən İ.Həbibbəyli qeyd edib ki, İslam maarifçiliyi geniş anlayış olmaqla, özündə İslam təliminin mahiyyətindəki elmi ideyalar, mənəvi zənginlik, əxlaqi kamillik ilə bağlı təlimləri üzə çıxarmaq, cəmiyyətə yenidən elmi əsaslarla çatdırmaq vəzifəsini qarşıya qoyur. İslam maarifçiliyi, eyni zamanda, İslam təliminin bu günün reallığı əsasında obyektiv şəkildə tətbiqini, şərhini və ümumiləşmiş nəticələrin elmi ictimaiyyətə çatdırılmasını tələb edir.

“Prezident İlham Əliyevin İslam həmrəyliyi haqqında bu gün qarşıya qoyduğu vəzifə İslamın fəlsəfəsindəki, konsepsiyasındakı inkişafla, birliklə, harmoniya ilə bağlı olan keyfiyyətləri sistemli şəkildə öyrənmək, formalaşdırmaq, dünya dillərində bəşəriyyətə çatdırmaq və planetimizin sülhə, birgəyaşayışa, həmrəyliyə gəlib çatmasına Azərbaycanın töhfəsini verməkdən ibarətdir. İslam həmrəyliyi konsepsiyası qlobal xarakter daşıyır, bəşəriyyəti müharibələrə son qoymaq, terrorları, qarşıdurmaları aradan qaldırmaq kimi böyük problemlərin həllinə Azərbaycan dövlətinin, Prezidentinin verdiyi çox böyük töhfədir və mühüm beynəlxalq ictimai-siyasi əhəmiyyətə malikdir”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Bu gün dünyanı ərazi iddiaları, iqtisadi və hərbi maraqlar, o cümlədən etnik-dini ayrı-seçkiliyə əsaslanan siyasətlər nəticəsində bir çox çağırışların təhdid etdiyini deyən Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti İlham Əliyev qəbul etdiyi vacib qərarlar vasitəsilə ötən il və bu il bizim bu məsələlərə diqqət yetirməyimiz üçün kifayət qədər imkan yaradıb. Bu imkanlar bizi dünyanın üzləşdiyi çətin durumdan çıxması üçün mövqelərimizi birləşdirmək, fikir mübadiləsi aparmaq və bu çağırışların qarşısını almaq istiqamətində səy göstərməyə vadar edir. Bu çağırışlar dünyamızı xaosa sürükləyən, müstəqil dövlətlərin konstitusion əsaslarını sarsıdan, xalqların və millətlərin minilliklər boyu əldə etdiyi nailiyyətləri bir anda yerlə-yeksan edən siyasətlərə, onların mahiyyətinə yenidən baxmağa imkan verir.

“Bu gün insanlığı kataklizmə sürükləyən çağırışlar, təhdidlər var. Azərbaycan bu çağırışların qarşısına İslam həmrəyliyinin, multikultural dəyərlərin təbliği, dini, etnik, milli dözümlülük, bir ərazini bölüşən müxtəlif xalqların və millətlərin nümayəndələrinə, onların mədəniyyətlərinə hörmət siyasəti ilə çıxır. Azərbaycanın dünyaya verdiyi mesajların mahiyyətində bu amillər dayanır. Azərbaycan o ölkələrdəndir ki, onun milli, dini və etnik münasibətləri tənzimləyən qanunları bu ərazidə yaşayan xalqların və millətlərin minilliklər ərzində formalaşmış birgəyaşayış qaydalarına və onların arasındakı harmoniyaya əsaslanır. Bu, bizə kənardan gəlmə, yad fikir deyil, bu, bizim həyat tərzimizdir, özümüzü ifadə formamızdır. Ona görə Azərbaycan bu gün çox böyük qətiyyətlə və uca səslə multikultural dəyərlərə görə nümunə olan bir ölkə kimi, eyni zamanda, İslam həmrəyliyi mövzusunu, İslam həmrəyliyi çağırışını irəli sürə bilir”, - deyə Bahar Muradova vurğulayıb.

Azərbaycanın bu çağırışları irəli sürməyə haqqı olduğunu vurğulayan Milli Məclisin sədr müavini deyib: “Biz burada İslama qarşı yönəlmiş cəhdlərdən, islamofobiya meyillərinin getdikcə güclənməsindən, bəzi demokratik ölkələrin elan etdikləri dəyərlərdən geri çəkilməsindən danışırıq. Azərbaycanda isə bunların heç biri yoxdur. Baxmayaraq ki, Azərbaycan Ermənistan tərəfindən ərazi iddiaları ilə üzləşən, torpaqlarının bir qismi işğal altında olan ölkədir. Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistan isə indi monoetnik ölkədir. Azərbaycan dövləti, xalqı sülh istəyir, Ermənistan isə bu istəyə yeni-yeni təhdidlər, təzyiqlər və hücumlarla cavab verir. Amma düşmən öz mahiyyətini dəyişmədiyi üçün, biz də öz mahiyyətimizi dəyişməyəcəyik. Çünki bu, bizim həyat tərzimizdir, burada yaşayan insanların, milli-etnik qrupların, dini konfessiyaların uzun illər ərzində əldə etdikləri nailiyyətdir. Biz bu nailiyyətimizdən təkcə özümüzün yerləşdiyimiz region üçün deyil, dünyanın faydası üçün istifadə etməyə çalışırıq”.

Azərbaycanda “Multikulturalizm İli” və “İslam Həmrəyliyi İli” elan olunduqdan sonra ölkədə və xaricdə xüsusi tədbirlər keçirildiyini və bunun davam etdiyini deyən Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, ölkəmizin belə bir missiyanı öz üzərinə götürməsi, 50-dən artıq İslam ölkəsi arasında məhz Azərbaycanın bu məsələlərə bu cür yanaşması Prezident İlham Əliyevin, xalqımızın bu həmrəyliyə böyük önəm verdiyini bir daha sübut edir. Həmrəylik məsələsi Azərbaycanın mənəvi dəyərlərindən irəli gəlir. “Dünyada baş verən hadisələrə nəzər salsaq görərik ki, artıq qütbləşmə prosesləri daha da kəskinləşib və bundan əziyyət çəkən daha çox İslam ölkələridir. İslam ölkələri təkcə mənəvi dəyərlərinə, milli keyfiyyətlərinə görə deyil, həmçinin İslamla, o cümlədən ərazilərində olan təbii sərvətlərlə bağlı bu əziyyətləri çəkir. Bu gün təbii sərvətlərə görə illər ərzində qurulmuş sivilizasiyası olan ölkələrin başına hansı oyunların gətirildiyini görürük”, - deyə S.Novruzov əlavə edib. 

Komitə sədri vurğulayıb ki, bu gün Azərbaycan İslam ölkələri arasında əlaqələrin genişləndirilməsi, İslam həmrəyliyinin gücləndirilməsi ilə bağlı mövqeyini ortaya qoyub. Prezident İlham Əliyevin dediyi kimi, IV İslam Həmrəyliyi Oyunları zamanı bir çox İslam ölkələrinin idmançıları Bakıda bir-birinin əlini sıxacaqlar. Hesab edirik ki, bir çox İslam ölkələrinin rəhbərləri də bir-birinin əlini sıxmaqla bu həmrəyliyi göstərməli və yaratmalıdırlar. Azərbaycanın ərazisinin bir hissəsi işğal olunub. Azərbaycan qaçqın və məcburi köçkün dalğasını görüb, qardaş köməyinin nədən ibarət olduğunu bilir. Bu baxımdan, hər bir İslam ölkəsi bu məsələyə diqqətlə yanaşmalıdır.

“Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə İslam Həmrəyliyi Oyunlarının rəmzi olaraq su götürüldü. Su İslamda aydınlıq, sülh, əmin-amanlıq, yanan hər bir odu söndürmək deməkdir. Bu gün biz görürük ki, həm Yaxın Şərqdə, həm İslam dövlətlərində böyük bir tonqal alovlanır. Məhz bunu söndürmək üçün suya ehtiyac var. Su İslam həmrəyliyinin rəmzidir. Əgər İslam dünyası həmrəy olarsa, bu suyu birlikdə o odun üzərinə tökərsə, o tonqal heç bir yerdə alovlanmaz, ətraf ölkələrin heç birinə keçməz”, - deyə S.Novruzov vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev bildirib ki, İslam dünyasının hazırkı vəziyyətini nəzərə alsaq, Prezident İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamının olduqca aktual xarakter daşıdığını deyə bilərik. Bu gün İslam dünyası ən çox həmrəyliyə ehtiyac duyur. Təəssüf ki, hazırda İslam dünyası tarixin heç bir dövründə olmadığı qədər təhlükə ilə üz-üzədir. Məzhəbçiliyə və firqəçiliyə əsaslanan düşüncələrlə sadə insanların zehni zəhərlənir. Təəssüf ki, bu düşüncələr bəzi ölkələrdə praktik zəmində də müsəlmanlar arasında qarşıdurma ilə nəticələnir. Müsəlman ölkələrində baş verənlər məhz məqsədyönlü şəkildə önə çəkilən belə mənfur fikirlərin həyata keçirilməsindən ibarətdir.

“Azərbaycan multikultural dəyərləri ilə bütün dünyaya örnək olmaqla yanaşı, İslam həmrəyliyi baxımından da İslam dünyasına nümunədir. İslam dünyasında bu gün tam mənası ilə İslam həmrəyliyinə zərbə vuran meyillərin mövcudluğu təəssüf ki, reallıqdır. Tarix boyunca Azərbaycanda İslamın iki böyük məzhəbinin mənsubları yaşasa da, onların arasında heç vaxt mənfi hallar baş verməyib. Bu gün də Azərbaycanda hər iki məzhəbin nümayəndələri qardaşlıq şəraitində yaşayırlar. Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu sahədəki fəaliyyəti çox təqdirəlayiqdir. Hesab edirəm ki, bu model hazırda İslam dünyasının ehtiyac duyduğu bir modeldir”, - deyə akademik V.Məmmədəliyev vurğulayıb.

Akademik Azərbaycanın dövlət-din münasibətlərinin tənzimlənməsi baxımından da İslam dünyasında model ölkə olduğunu bildirib. Azərbaycan dövləti istər ümummilli lider Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin dövründə ölkəmizdə olan bütün ənənəvi dinlərə, o cümlədən İslam dininə, İslam mədəniyyətinə qayğı ilə yanaşıb. Azərbaycanda bütün tarixi və dini abidələr qorunur. Müstəqillik dövründə dövlət tərəfindən yüzlərlə dini abidə - məscidlər, kilsələr, sinaqoqlar tikilib və təmir edilib, bu proses indi də davam edir.

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRSİCA) baş direktoru Halit Eren qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdid olduğunu vurğulayaraq bildirib ki, bu meyil dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın rolunu xüsusi vurğulamaq lazımdır.

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan soydaşlarımızın doğma yurdlarından didərgin düşdüklərini xatırladan H.Eren işğal altındakı ərazilərimizdə mədəni irsin məhv edildiyini diqqətə çatdıraraq deyib: “Bu irsin qorunması və mövzunun daim gündəmdə saxlanılması İRSİCA-nın diqqət yetirdiyi əsas məsələlərdəndir. Ötən ilin noyabrında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq şəraitində “Qarabağ, tarix və miras” mövzusunda beynəlxalq konfrans təşkil edərək diqqəti bu məsələyə yönəltməyə çalışdıq”.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, Prezident İlham Əliyevin humanist və sülhsevər siyasəti sayəsində Bakı dünyada multikulturalizm mərkəzi olaraq tanınır. Şərq ilə Qərb mədəniyyətlərinin qovuşuğunda yerləşən bu gözəl şəhərdə insanlıq və mədəniyyət adına çox dəyərli tədbirlər görülür. Azərbaycan həm türk, həm də İslam mədəniyyətinə əvəzsiz töhfələr vermiş dövlətdir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan milli mədəniyyətinin bütün dünyada tanıdılması istiqamətində uğurlu addımlar atıb.

“Təəssüf ki, dünyada baş verən münaqişələr, terror aktları insanların dinc şəraitdə birgəyaşayışına ciddi zərbə vurur. Bu konfrans dünyada ayrı-seçkiliyə, irqçiliyə qarşı dəyərli töhfədir”, - deyə D.Kaseinov əlavə edib.

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev çıxış edərək deyib ki, dünyəvi dövlət olan Azərbaycan İslam həmrəyliyində aparıcı rol oynaya bilir. Azərbaycanın mədəniyyətlər və dinlər arasında dialoqa töhfəsi çox böyükdür. Dünyanın müxtəlif yerlərində dinlərarası, məzhəblərarası münaqişələrin getdiyi bir dövrdə Azərbaycan və Qazaxıstan müxtəlif konfessiyaların nümayəndələrini qlobal problemlərin həlli üçün birgə səy göstərməyə dəvət edir.

“Azərbaycanda ötən ilin “Multikulturalizm İli”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi bu ölkənin qlobal sülhyaratma prosesinə dəyərli töhfəsidir. Biz IV İslam Həmrəyliyi Oyunlarını səbirsizliklə gözləyirik. Bu konfrans qardaş Azərbaycan xalqının sülh və birgəyaşama prinsiplərinə sadiqliyinin sübutudur”, - deyə səfir vurğulayıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr bildirib ki, İslam həmrəyliyinə həsr olunan konfransın keçirilməsi zamanın tələbidir. Azərbaycan müxtəlif dinlərin bir arada mövcudluğunun, birgə fəaliyyətinin mümkünlüyünün parlaq nümunəsidir.

“Azərbaycan Respublikası dünyəvi dövlətdir, eyni zamanda o, İslam ölkəsidir. Çünki burada əhalinin əksəriyyəti müsəlmanlardır. Azərbaycanın şəhərlərinə, o cümlədən Bakıya diqqət yetirin. Burada siz xristianları, yəhudiləri görə bilərsiniz. Azərbaycanda müxtəlif dinlərin, hətta müasir dünyada mövcud olmayan dinlərin abidələri var. Azərbaycanda müxtəlif dinlərin bayramları birlikdə keçirilir. Biz dünyada baş verən hadisələri görürük və düşünürəm ki, Azərbaycanın təcrübəsinin öyrənilməsinə böyük ehtiyac var”, - deyə Arxiyepiskop vurğulayıb.

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən milli siyasətin uğurlu nəticələri, Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələrinin rahat yaşamaları üçün yaradılan şərait barədə danışıb. Etnik və dini müxtəlifliyin Azərbaycanın milli sərvəti olduğunu vurğulayan M.Yevdayev ölkəmizdə yaşayan azsaylı xalqların öz milli-mənəvi dəyərlərini, adət-ənənələrini qoruyub saxladıqlarını və zənginləşdirdiklərini, dövlətin bütün bu məsələlərə hər zaman diqqət və qayğı ilə yanaşdığını bildirib. Dini icmanın sədri vurğulayıb ki, bu, yalnız Azərbaycanda mümkündür. Azərbaycanın multikultural modeli dünyaya nümunədir. Biz Azərbaycanın multikultural dəyərlərinin dünyada daha geniş təbliği istiqamətində səylə çalışmalıyıq.

Katolik Kilsəsinin Azərbaycandakı nümayəndəsi Vladimir Fekete müasir dünyada gərginliyin artmasının, insanların təhlükə altında yaşamasının təəssüf hissi doğurduğunu dedi. O, dünyada gedən proseslərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində medianın rolunu xüsusi vurğuladı. V.Fekete Azərbaycanda müxtəlif konfessiyalar arasında dostluğun və həmrəyliyin mövcudluğunu yüksək qiymətləndirdi. Azərbaycan təkcə təbii ehtiyatları ilə deyil, həm də dinc həyatı ilə fəxr edə bilər.

Azərbaycan Respublikası Alban-Udi Xristian İcmasının sədri Robert Mobili azərbaycanlılar ilə udilərin daim dinc yanaşı yaşadıqlarını vurğulayıb. Azərbaycanda alban-udilər öz dinlərini, tarixini, adət-ənənələrini, əlifbalarını, mədəniyyətlərini, dillərini qoruyub saxlayıblar. Alban-udilərin yaşadığı Nic qəsəbəsində kilsə ilə yanaşı, məscid də fəaliyyət göstərir. Bu qəsəbədə heç vaxt dinlərarası qarşıdurma olmayıb. Tədbirin əhəmiyyətindən danışan R.Mobili vurğulayıb ki, bu cür konfranslar Azərbaycanda yaşayan etnosların, fərqli konfessiyaların tarixi, dili, dini, adət və ənənələrini qoruyub saxlaması, onların dirçəldilməsi, mənəvi inkişafı işinə önəmli töhfədir.

Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının üzvü Qəzənfər Paşayev bildirib ki, dünyanın od içində yandığı bir dövrdə Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi böyük əhəmiyyət kəsb edir. İslam həmrəyliyindən, dini və mədəni müxtəlifliyin harmoniyasından danışanda ilk növbədə Azərbaycan yada düşür. Azərbaycanda yaşayan müxtəlif xalqların, dinlərin nümayəndələrinin adət-ənənələri ölkəmizdə multikulturalizmin inkişafına təkan verir.

Tədbirə yekun vuran Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” beynəlxalq konfransının iştirakçıları adından tədbirin yüksək səviyyədə keçirilməsi üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Beynəlxalq Bakı konfransında “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda geniş müzakirələr aparılıb YENİLƏNİB 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgəyaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb