MƏDƏNİYYƏT
Beynəlxalq Mstislav Rostropoviç Festivalı çərçivəsində İtaliyanın Luici Kerubini Gənclər Orkestri çıxış edib
Bakı, 23 may, AZƏRTAC
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə Bakıda keçirilən VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində mayın 23-də Heydər Əliyev Sarayında musiqisevərlərə daha bir konsert təqdim edilib. Konsertdə Rikkardo Mutinin bədii rəhbərliyi və baş dirijorluğu ilə İtaliyanın Luici Kerubini Gənclər Orkestri çıxış edib.
Orkestrin ifasında V.A.Motsartın “Symphony No.35 in D major ( Haffner). K.385” əsəri və C.Verdinin “Siciliya ibadətləri” operasına uvertüra və bu operadan “İlin dörd fəsli” baleti səsləndirilib.
Luici Kerubini Gənclər Orkestri Rikkardo Muti tərəfindən 2004-cü ildə yaradılıb. Akademik və professional musiqi dünyası arasında körpü rolunu oynayan orkestr İtaliyanın bütün şəhərlərindən nüfuzlu Avropa orkestrlərinin solistləri komitəsi tərəfindən dinləmə yolu ilə seçilmiş gənc musiqiçilərdən ibarətdir.
Orkestrin repertuarını barokko dövründən XX əsrin musiqisinə qədər olan musiqilər təşkil edir. İtaliyadan başqa Vyana, Paris, Moskva, Zalsburq, Köln, Sankt-Peterburq, Madrid, Barselona və digər şəhərlərdə də konsert turlarına çıxıb.