İDMAN
Blatter 2022-ci ildə futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsi ideyasını səhv addım adlandırmışdır
Bakı, 16 may (AZƏRTAC). Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Yozef Blatter növbəti dəfə etiraf etmişdir ki, 2022-ci ildə futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsi haqda qərar qəbul edilməsi səhv addım olmuşdur.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Blatter İsveçrənin RTS telekanalına verdiyi müsahibədə demişdir: “Bu, həqiqətən yanlış ideyadır, lakin həyatda belə işlər olur. Qətərin Təşkilat Komitəsinin hesabatında deyilirdi ki, yayda Qətərdə hava çox isti olur, lakin FİFA-nın İcraiyyə Komitəsi dünya birinciliyinin bu ölkədə keçirilməsini böyük səs çoxluğu ilə dəstəkləmişdir”.
Blatter bundan əvvəl də etiraf edirdi ki, ola bilsin, FİFA Qətəri seçməklə səhv etmişdir. Lakin o, siyasi və geosiyasi reallıqları nəzərə almağa çağırırdı. Federasiyanın başçısı deyirdi: “Planetimizdə 7 milyarddan çox adam var və onlardan 6,2 milyardı Avropadan kənarda yaşayır, nə üçün onlar həmişə bizim diktə etməyimizə dözməlidirlər?”
Qətər dövləti 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək hüququnu FİFA-nın 2010-cu il dekabrın 10-da Sürixdə keçirilən tədbirində qazanmışdır. Lakin az sonra futbolçuların və funksionerlərin çoxu gileylənməyə başladılar ki, turnirin keçirildiyi ənənəvi müddətdə, yəni iyun-iyul aylarında bu ölkədə havaların hədsiz isti olması oyunçuların və tamaşaçıların səhhətinə çox mənfi təsir göstərə bilər.
Alternativ variantlar arasında yarışların 2023-cü ilin qışına keçirilməsi barədə təklif də səslənmişdir. Çempionatın 2022-ci ilin qışına keçirilməsi də qeyri-mümkündür, çünki həmin vaxtda Qış Olimpiya Oyunları keçiriləcəkdir.
Avropa Peşəkar Futbol Liqaları Assosiasiyası turnirin keçirilməsi müddətlərinin dəyişdirilməsinin əleyhinə çıxış etmişdir. Assosiasiyanın nümayəndələri narazılıqla bildirmişlər ki, 2022-ci il dünya çempionatı qış aylarında keçiriləcəyi halda milli çempionatları mövsümün ortasında səkkiz həftəliyə dayandırmaq lazım gələr, bu isə klubların və onların sponsorlarının maliyyə maraqlarına çox neqativ təsir göstərər.
Gözlənildiyinə görə, dünya çempionatının Qətərdə keçirilib-keçirilməməsinə dair qəti qərar xüsusi komissiyanın işinin yekunlarına əsasən 2015-ci ilin mart ayına qədər qəbul ediləcəkdir.