BMT Tbilisidə dövlət institutlarının transformasiyası mövzusunda forum keçirir
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Gürcüstan paytaxtında iki gün davam edəcək Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu işə başlayıb. Tədbirin açılışı hər il beynəlxalq səviyyədə qeyd olunan BMT-nin Dövlət Qulluğu Gününə təsadüf edir.
AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, “Dövlət institutlarının transformasiyası: İnnovasiyanın, iştirakın və inklüzivliyin inkişafı” mövzusunda keçirilən forum Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamenti (BMT DESA) tərəfindən Dövlət İnstitutları və Rəqəmsal Hökumət Bölməsi (DPIDG) və Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən birgə təşkil olunub.
BMT-nin məlumatında qeyd olunub ki, 2002-ci il dekabrın 20-də Baş Assambleya 57/277 saylı qətnamə qəbul edərək 23 iyun tarixini Dövlət Qulluğu Günü kimi təyin edib. Həmçinin dövlət qulluğunun dəyərini daha da artırmaq üçün Birləşmiş Millətlər Təşkilatı 2003-cü ildə BMT-nin Dövlət Qulluğu Mükafatları (UNPSA) proqramını təsis edib. Bu proqram 2016-cı ildə Davamlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə uyğun olaraq yenidən nəzərdən keçirilib.
Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Forumu dövlət idarəçiliyində potensialın inkişafına yönəlmiş qlobal bir tədbirdir. Hər il BMT-nin DESA Forumu bu tədbiri ev sahibi ölkə ilə birlikdə təşkil edir. Bu tədbirlər çərçivəsində seminarlar, BMT-nin Dövlət Qulluğu Mükafatları mərasimi və nazirlərin dəyirmi masası keçirilir.
Təşkilatın bəyanatında deyilir: “Dövlət idarəçiliyi hökumətlərin işinin təməl daşıdır və insanların həyatının yaxşılaşdırılmasında vacib rola malikdir. Dövlət idarəçiliyinin yenidən qurulması müsbət və zəruri irəliləyiş yoludur. Onun modernləşdirilməsi və bugünkü standartlara uyğunlaşması olmadan, hamı üçün daha yaxşı bir gələcəyin reallaşdırılması mümkün olmayacaq. Bacarıqlı idarəçiliyin olmadığı yerdə hökumətlərin fəaliyyəti də uğursuz olur, davamlı inkişaf arxa plana keçir”.