İDMAN
Boks üzrə Azərbaycan çempionatının ilk günündə rinqə 173 boksçu çıxmışdır
Bakı, 21 dekabr (AZƏRTAC). Bakı İdman Sarayında boks üzrə böyüklər arasında Azərbaycan çempionatı start götürmüşdür. Yarışda respublikamızın ayrı-ayrı şəhər və rayonlarını təmsil edən 42 komandanın 173 boksçusu iştirak edir.
AZƏRTAC xəbər verir ki, ilk gündə çəkisi 64 və 69 kq olan boksçular rinqə çıxmışlar. Turnirin ilk günündə gözlənilməz nəticə qeydə alınmamışdır. Bakıda keçirilən dünya çempionatında ilk döyüşdə İtaliya təmsilçisinə uduzan Emil Əhmədov (69 kq) ölkə çempionatına qələbə ilə başlamışdır. O, komanda yoldaşı - “Neftçi” İdman Sağlamlıq Mərkəzini təmsil edən Elvin Quliyevi 9:6 hesabı ilə məğlub etmişdir.
Son ölkə çempionu, bu il Bolqarıstanda “Strandja” turnirində bürünc medal qazanmış Tamerlan Abdullayev isə Gəncə nümayəndəsi Orxan Cavadlını mübarizədən kənarlaşdırmışdır - 15:2. Bu il ən güclülərin yarışında 2-ci yerə layiq görülən İsmət Eynullayev də növbəti mərhələyə vəsiqə qazanmışdır. O, Zaqatala boksçusu Qurban Hümbətovu vaxtından əvvəl texniki nokautla məğlub etmişdir.
Uzun illər milli komandamızın kapitanı olmuş, 2005-ci ilin dünya çempionatının bürünc mükafatçısı Emil Məhərrəmov Gəncə boksçusu Asif Məmmədov üzərində 9:2 hesabı ilə qələbə qazanmışdır.
Ötən il “Baku Fires” klubunun heyətində WSB liqasında mübarizə aparmış Osman Əliyev ölkə çempionatına asan qələbə ilə başlamışdır. Onun rəqibi Zaur Şıxəliyevin (Qusar) burnu iki dəfə qanadığından hakimlər döyüşü dayandırmışlar.
Dekabrın 21-də yarışda 35 döyüş keçiriləcək. Əvvəlcədən yarışın dekabrın 24-də başa çatması nəzərdə tutulsa da, təşkilatçılar iştirakçıların çoxluğuna görə, final görüşlərini bir gün sonraya - 25 dekabra keçirmişlər.