İDMAN
“Böyük dəbilqə” Azərbaycansız
Bakı, 30 noyabr (AZƏRTAC). Tokioda dünyanın idman təqvimində ən nüfuzlu yarışlardan biri olan “Böyük dəbilqə” turniri start götürmüşdür. İdmanın bu növünün banilərinin vətənində keçirilən turnirdə iştirak etmək özlüyündə qürurverici hadisədir, amma yaponlarla gərgin mübarizə şəraitində medal qazanmağı dünya çempionatının mükafatına bərabər tutmaq olar.
AZƏRTAC “azerijudo.com” saytına istinadla xəbər verir ki, Azərbaycan komandasının dalbadal iki il bu turnirdə təmsil olunmaması müəyyən dərəcədə onun imicinə zərbədir.
Komandanın Rio-de-Janeyroda dünya çempionatında qızıl və bürünc medal qazandıqdan sonra yarışlarda iştirakı nəzərəçarpacaq dərəcədə azalmışdır. Yalnız keçən həftə kollektiv Əbu-Dabiyə Qran-pri yarışlarına yola düşmüşdür. Lakin “Böyük dəbilqə” tamamilə başqa səviyyəli yarışdır. Bir il əvvəl baş vermiş əhvalat yada düşür. Onda Yaponiyada təlim –məşq toplantılarında iştirak etmiş Azərbaycan yığması turnirə qatılmamışdı, halbuki həmin dövrdə Gündoğar ölkədə məşqlər keçirmişdi. Bu dəfə də komanda təlim-məşq toplantılarında iştirak etmək üçün irəlicədən Tokioya yollanmağı nəzərdə tutmuşdu, lakin məşq düşərgələrində yerlər tutulmuşdu. Onda hakimlər qərargahı ümumiyyətlə turnirdə iştirak etməmək qərarına gəlmişdi, hərçənd dünya çempionatının bürünc mükafatçısı Orxan Səfərov (60 kq) və dünya çempionu Elxan Məmmədov (100 kq) ora şəxsən dəvət olunmuşdu.
Qeyd edək ki, Yaponiya Cüdo Federasiyası mövsümün ən iri yarışlarında uğurla çıxış edən idmançıları turnirə öz hesabına dəvət edir. Olimpiya oyunlarının keçirilmədiyi il dünya çempionatı nəzərə alınır. Ona görə də E.Məmmədov və O.Səfərovun uğurları dərhal diqqəti cəlb etmişdir. Lakin kollektiv səfərdən imtina etdiyi üçün məşqçilər qərargahı mundial qəhrəmanlarını da “Böyük dəbilqə”yə göndərməmək qərarına gəlmişdir. Ona görə də dalbadal ikinci ildir yarış Azərbaycan cüdoçularının iştirakı olmadan keçirilir.
Belə bir məsələni də xatırlatmaq yerinə düşər ki, “Böyük dəbilqə” turniri bir il ərzində dörd dəfə keçirilir. Bu turnirlərdən birini Bakı qəbul edir. İkiqat dünya çempionu, koreyalı Ki Çun Vanq (73 kq) bir il ərzində həmin turnirlərin hər birində qalib gələn yeganə cüdoçudur. O, Pekin Olimpiadasının finalında Elnur Məmmədlinin rəqibi olmuşdur. İdmançılarımız bundan sonra da beynəlxalq turnirlərdən bu şəkildə yayınsalar, çətin ki, Vanqın uğurlarını təkrar edə bilsinlər.