ELM VƏ TƏHSİL
“Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk” monoqrafiyası “Büllur kompas” müsabiqəsinin qalibi olub
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) H.Əliyev adına Coğrafiya İnstitutu direktorunun müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və institutun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Stara Tarixazərin “Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk” monoqrafiyası Rusiya Coğrafiya Cəmiyyətinin (RCC) “Büllur kompas” müsabiqəsinin elmi nailiyyət nominasiyasında qalib gələrək finala vəsiqə qazanıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, RCC-nin coğrafiya, ekologiya, təbii, tarixi və mədəni irsin qorunması və təbliği məqsədilə 2012-ci ildən başlayaraq hər il təşkil etdiyi “Büllur kompas” müsabiqəsinin təşkilat komitəsinə bu il Rusiyanın 115 yaşayış məntəqəsindən, eləcə də Azərbaycan, ABŞ, Çin, Belarus, Ukrayna, Bolqarıstan, Polşa, Litva, Serbiya və Monqolustandan 300 layihə daxil olub, onlardan 33-ü 11 nominasiyada ekspert şurasından keçərək finala çıxıb.
“Büllur kompas” müsabiqəsinin mükafatlandırma mərasimi mayın 12-də Rusiya Federasiyasının Krasnodar şəhərində keçiriləcək.