CƏMİYYƏT
Böyük Vətən müharibəsi, Çernobıl AES və hərbi xidmət əlillərindən ibarət daha 100 nəfər avtomobillə təmin edilib
Bakı, 8 avqust (AZƏRTAC). Prezident İlham Əliyevin 2014-cü il 30 aprel tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, avqustun 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 32 nəfəri Böyük Vətən müharibəsi, 23 nəfəri Çernobıl AES və 45 nəfəri hərbi xidmət əlili olan, ümumilikdə, 100 nəfər əlilliyi olan şəxs “Naz-Lifan” markalı minik avtomobili ilə təmin olunub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, dövlətimizin başçısının 2013-cü il 23 dekabr və 2014-cü il 30 aprel tarixli sərəncamlarına əsasən, cari ilin aprelindən bəri 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə, hazırda təqdim olunan avtomobillər də daxil edilməklə, 623 nəfər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxsə, beləliklə, 2014-cü ilin əvvəlinədək xüsusi tibbi arayış əsasında növbəyə dayanmış əlilliyi olan şəxslərdən artıq 1300 nəfərinə minik avtomobilləri verilib.
Cari ilin əvvəlinədək növbədə olan digər şəxslərə də bu ayın sonunadək avtomobil verilməsi nəzərdə tutulur.
İndiyədək qeyd olunan təbəqələrdən olan 5106 nəfər əlilliyi olan şəxsin dövlət hesabına xüsusi nəqliyyat vasitəsilə təmin edildiyi vurğulanaraq, müharibə əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının da daim ölkə rəhbərinin diqqət mərkəzində olduğu bildirilib.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı bu sahədə mühüm irəliləyişə şərait yaradıb. Sərəncama əsasən, 2014-cü ilədək mənzil növbəsində dayanmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, ümumilikdə, 5731 nəfər əlil və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi həyata keçiriləcək.
Tədbirdə çıxış edən əlilliyi olan şəxslər onların sosial təminatının gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Böyük Vətən müharibəsi əlilləri onlara göstərilən Prezident qayğısına layiqli cavab olaraq gənclərimizin hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsi işinə bundan sonra da öz mühüm töhfələrini verəcəklərini vurğulayıblar.