SİYASƏT
Braziliya Diplomatlar Assosiasiyasının bülletenində Azərbaycandan bəhs edən yazı dərc olunmuşdur
Bakı, 7 avqust (AZƏRTAC). Braziliya Diplomatlar Assosiasiyasının nəşri olan bülletenin iyun nömrəsində Azərbaycan Respublikasının bu ölkədəki səfiri Elnur Sultanovun müsahibəsi dərc edilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yazıda ölkəmizin coğrafi mövqeyi, o cümlədən Avropa və Asiya qitələrinin kəsişdiyi məkanda yerləşməsi, qədim insan məskənlərindən biri olduğu deyilir. Qeyd edilir ki, Azərbaycan dünyada ən qədim neft istehsalçısı olan ölkələrdən biridir.
Müsahibəsində Azərbaycanın siyasi və iqtisadi inkişafı barədə məlumat verən E.Sultanov diqqətə çatdırmışdır ki, bu il Azərbaycan-Braziliya diplomatik əlaqələrinin iyirmi illiyi tamam olur. Diplomat ölkələrimiz arasındakı əməkdaşlığın hazırkı vəziyyətindən, son illərdə reallaşan qarşılıqlı səfərlərdən və ikitərəfli görüşlərdən, əlaqələrimizin perspektivlərindən söz açmışdır.
Müsahibə ilə bülletenin aşağıdakı internet səhifəsində tanış olmaq mümkündür.