ELM VƏ TƏHSİL
BSU-da Bolqarıstan nümayəndə heyəti ilə görüş keçirilib
Bakı, 26 sentyabr, AZƏRTAC
Bolqarıstan Respublikasının Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin rektoru Xristo İliev Bondjolov, beynəlxalq əlaqələr üzrə prorektor Dimitar Dimitrov Yordanov, tədris işləri üzrə prorektor Simeonov Dimitar Trifonov, Bədən tərbiyəsi və idman kafedrasının müdiri Stefanov Svetoslav Stefanov, Filologiya fakültəsinin dekan müavini Vlad Vladimir Nikolaev Bakı Slavyan Universitetində (BSU) olublar.
BSU-dan AZƏRTAC-a bildirilib ki, qonaqları qəbul edən rektor, professor Nurlana Əliyeva Bolqarıstanla Azərbaycan arasında dostluq münasibətlərinin tarixindən, Prezident İlham Əliyevin Bolqarıstan Respublikası ilə əlaqələrin genişləndirilməsi sahəsində gördüyü işlərdən danışıb. Nurlana Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bolqarıstanın ayrı-ayrı şəhərlərində həyata keçirilən mədəni quruculuq işləri barədə məlumat verib. Rektor BSU-nun yaranma tarixindən, universitetin beynəlxalq elmi əlaqələri və digər məsələlərdən söz açıb, bu ali məktəbdə müxtəlif ölkələrin mədəniyyətini, dilini, tarixini, etnoqrafiyasını, ədəbiyyatını və s. öyrənən on bir mərkəzin fəaliyyət göstərdiyini deyib. Qeyd edib ki, həmin mərkəzlərdə müvafiq olaraq dövlət başçıları, səfirlər, tanınmış ictimai və siyasi xadimlərlə azərbaycanlı gənclər arasında görüş keçirilir, həmçinin müxtəlif beynəlxalq layihələr hesabına nüfuzlu əcnəbi alim və professorlar BSU-ya dəvət olunur, onların tələbələrimiz qarşısında mühazirələri təşkil edilir.
Azərbaycan dövlətinin təhsilə qayğısını yüksək qiymətləndirən Veliko Tırnovo Universitetinin rektoru Xristo İliev Bondjolov rəhbəri olduğu universitetin BSU ilə əməkdaşlığın iki ölkənin ali məktəbləri arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb. O, BSU-da bolqar dilinin və ədəbiyyatının öyrənilməsindən məmnun qaldığını, Azərbaycan xalqının tolerant, multikultural dəyərlərə xüsusi önəm verdiyini deyib.
Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, universitetin muzeyi, kitabxana ilə yaxından tanış olublar. Onlar BSU-nun Bolqar dili Tədris və Mədəniyyəti Mərkəzində bolqarşünaslıq üzrə təhsil alan tələbələrlə görüşüblər. Tələbələrin bolqar dilində səlis danışığını rektor Xristo İliev Bondjolov yüksək qiymətləndirib. Mərkəzin kitabxanasına bolqar dilində kitablar hədiyyə olunub.
Görüşdən sonra professor-müəllim heyətinin iştirakı ilə BSU və Veliko Tırnovo Universiteti arasında “Erasmus+” proqramı çərçivəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Sonda əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bir sıra təkliflər dəyərləndirilib.