ELM VƏ TƏHSİL
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Bakı Slavyan Universitetində (BSU) “15 iyun - Milli Qurtuluş Günü” adlı tədbir keçirilib. Tədbir ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 26-cı ildönümünə həsr olunub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən tərbiyə işləri üzrə prorektor Xanım Sultanova Milli Qurtuluş Gününün tarixindən söz açıb. O qeyd edib ki, 1993-cü ilin iyun ayında Azərbaycanın daxilində baş verən gərgin proseslər dövlət müstəqilliyini təhlükə altına almışdı. Xalq ayağa qalxaraq təkidlə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edirdi. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin Sədri seçildi. Beləliklə, iyunun15-i Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Tədbirdə Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirov 1993-cü ildə Ulu Öndərin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan söz açıb.
Sonda “Milli qurtuluşdan intibaha” sənədli filmi nümayiş olunub.