İDMAN
Bu gün Formula 1 Azərbaycan Qran-Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyası prosesinə yekun vurulacaq
Bakı, 5 mart, AZƏRTAC
Bu il aprelin 26-28-də dördüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyasına dair sənəd qəbuluna bu gün yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, proses saat 17:00-da başa çatacaq.
Azərbaycan Qran-Prisi də daxil olmaqla, bütövlükdə 2019-cu il Formula 1 dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.
Yerli media nümayəndələrinin yarışa qeydiyyatı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) vasitəçiliyi ilə həyata keçirilir. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.