REGİONLAR
Bu il 311 nəfər göyçaylı gənc tələbə adını qazanıb
Göyçay, 3 sentyabr (AZƏRTAC). Göyçay şəhərində bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər tələbələri təbrik edərək, onlara yeni uğurlar arzulayıblar. Məlumat verilib ki, cari ildə Göyçayın orta ümumtəhsil məktəblərini 985 məzun bitirib. Ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 527 abituriyentdən 311 nəfəri isə tələbə adını qazanıb. Onlardan 12 nəfəri imtahanlarda 600-dən, 50 nəfər isə 500-dən yuxarı bal toplayıb. Rayonda ən yüksək nəticəni Göyçay şəhər 2 saylı orta məktəbinin məzunu Vəfa Mehdiyeva göstərib. O, qəbul imtahanında 684 bal toplayaraq “ADA” Universitetinə daxil olub.
Tədbirdə ali məktəblərə qəbul imtahanlarında 500 və 600-dən yuxarı bal toplayan tələbələrə qiymətli hədiyyələr təqdim edilib.
Mərasim konsert proqramı ilə davam edib.