İQTİSADİYYAT
Bu il Abşeron yarımadasının bəzi qəsəbələrində və 9 rayonda su layihələrin icrası başa çatdırılacaqdır
Bakı, 12 aprel (AZƏRTAC). Artıq Abşeron yarımadasında, həmçinin 38 şəhərdə, 350-dən artıq kənd və qəsəbədə su layihələrinin icrasına başlanılmışdır. Ümumiyyətlə isə ölkəmizin 42 şəhər və rayonunun, həmçinin Bakının bir sıra qəsəbələrinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə ümumi dəyəri 5 milyard dollara yaxın layihələrin icrası nəzərdə tutulmuşdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri “İteca Caspian” şirkətinin təşkilatçılığı ilə Bakıda keçirilən Xəzər beynəlxalq su texnologiyaları forumundakı çıxışında Baş nazirin müavini Abid Şərifov demişdir.
Bu layihələrin maliyyələşdirilməsinin, həm beynəlxalq maliyyə təşkilatları ilə imzalanmış müqavilələr əsasında alınacaq kreditlər, həm də dövlət büdcəsi hesabına aparıldığını deyən Baş nazirin müavini qeyd etmişdir ki, tələb olunan vəsaitdən 1,8 milyard dollarına qədərini dövlət büdcəsindən ayrılması məsələsi həll edilmişdir.
Son 2 ildə bu işlər üçün hər il “Azərsu” ASC-yə dövlət büdcəsindən təqribən 1 milyard dollara yaxın vəsait ayrılır. 38 şəhərin 17-də dövlət büdcəsi, 21-də isə Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Almaniyanın KFW bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən cəlb olunmuş kreditlər hesabına icra olunur.
Ötən il Zərdab və İmişliyə suyun verilməsi təmin edilmişdir. Bu il isə Abşeron yarımadasının bəzi qəsəbələrində, həmçinin Hacıqabul, Şirvan, Quba, Oğuz, Ağstafa, Şabran, Siyəzən, Ağsu və İsmayıllıda layihələrin icrası başa çatdırılacaqdır.