REGİONLAR
Bu il Ağcabədidə 4 ton barama tədarükü planlaşdırılır
Ağcabədi, 7 iyun, AZƏRTAC
Bir neçə gündür ki, Ağcabədi rayonunda barama tədarükünə başlanılıb. Artıq kümçülərin yetişdirdikləri 2329 kiloqram məhsul rayonda “Şəki İpək” ASC-nin nümayəndələri tərəfindən qəbul edilib.
Ağcabədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayonda kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görülür. Uzun fasilədən sonra bu il rayonun 37 yaşayış məntəqəsində 48 kümçü tərəfindən 80 qutu ipəkqurdu toxumu yetişdirilib. Ən çox məhsul Şənlik, Aran, Aşağı Avşar kəndlərində, Hindarx qəsəbəsində olub. Yetişdirilən barama hər kiloqramı 8 manat olmaqla, “Şəki İpək” ASC tərəfindən tədarük edilir. Cari mövsümdə Ağcabədidə 4 ton barama tədarük ediləcəyi gözlənilir.
Hindarx qəsəbəsindən olan kümçü Faiq Həsənov bildirib ki, bu il 158 kiloqram məhsul istehsal edib və haqqını da yerindəcə alıb. Növbəti illərdə də ipəkqurdu bəsləyəcək.
Qeyd edək ki, Ağcabədi rayonunda 1 şəhər, 1 qəsəbə, 12 kənd ərazisində 45,85 hektar çəkil bağı qorunub saxlanılıb. Ağcabədi Regional Meşə Tingliyi Mərkəzində 10 min ədəd çəkil tingi var, əlavə olaraq 20 min çəkil ting toxumunun əkilməsi və gələcəkdə barama istehsalının artırılması nəzərdə tutulur.