MƏDƏNİYYƏT
Budapeştdə gənc azərbaycanlı rəssamın fərdi sərgisi açılmışdır
Bakı, 11 iyul (AZƏRTAC). Macarıstanın paytaxtı Budapeştdə gənc azərbaycanlı rəssam Çingiz Mehbalıyevin “Həyatınızı rəngləyərək” adlı fərdi rəsm sərgisi açılmışdır.
“Baku Creative Center”dən AZƏRTAC-a bildirmişlər ki, “YBL” sarayında təşkil edilmiş sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev istedadlı rəssam Çingiz Mehbalıyevin rəsmlərindən aldığı təəssüratları sərgiyə toplaşanlarla bölüşmüş, bu cür tədbirlərin müasir Azərbaycan mədəniyyətinin tanıdılmasındakı xüsusi rolunu qeyd etmişdir.
Macarıstan Milli Assambleyasının (parlamentinin) və Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Tamaş Hegedüş Azərbaycan mədəniyyəti və istedadlı rəssam haqqında fikirlərini söyləyərək ölkəmiz və Macarıstan arasında getdikcə genişlənən ictimai və mədəni əlaqələrdən məmnun olduğunu demişdir.
Tədbirdə, həmçinin Azərbaycandakı Macarıstan Ticarət Evinin rəhbəri Ceyhun Abdullayev, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva, Macarıstan-Azərbaycan Gənclər Təşkilatının təsisçiləri və üzvləri, bu ölkənin ictimai xadimləri, aparıcı siyasi partiyalarının gənclər təşkilatlarının liderləri, eləcə də yerli və əcnəbi iş adamları və digər şəxslər iştirak etmişlər.
Sərgidə Çingiz Mehbalıyev yaradıcılığı barədə macar mətbuatı nümayəndələrinin suallarını cavablandırmışdır.
Mərasimin sonunda Vilayət Quliyev, Tamaş Hegedüş və digər qonaqlar sərginin qonaq kitabına öz ürək sözlərini və rəssamın əsərlərindən aldıqları təəssüratları yazmışlar.
İyulun 13-dək ziyarətçilər üçün açıq olacaq sərgidə rəssamın 30-dək rəngkarlıq və qrafika işləri nümayiş etdirilir.
Bu, Çingiz Mehbalıyevin beynəlxalq miqyasda ilk uğuru deyildir. O, 2007-ci ilin noyabrında UNESCO tərəfindən keçirilən və Mövlanə Cəlaləddin Ruminin anadan olmasının 800 illiyinə həsr olunan beynəlxalq sərgidə iştirak edən ən gənc rəssam olmuşdur.
Rəssam 2008-ci ildə “Molla Nəsrəddin - Azərbaycan” Beynəlxalq karikatura müsabiqəsində iştirak etmiş və Azərbaycan Karikaturaçılar Birliyinə üzv olmuşdur. 2010-cu ilin martında Türkiyənin Bartın şəhərində keçirilən sərgidə iştirakından sonra isə SESAN (Serbest Sanatçılar) Beynəlxalq Rəssamlar İttifaqına üzv qəbul edilmişdir.
Çingiz Mehbalıyevin çəkdiyi “İmadəddin Nəsimiyə həsr olunmuş rənglər” rəsmi 2011-ci ildə MDB ölkələri arasında keçirilən beynəlxalq müsabiqədə münsiflər heyəti tərəfindən müsabiqənin beynəlxalq kataloquna daxil edilmişdir.