ELM VƏ TƏHSİL
Bulud hesablamaları mühitində gecikmələrin azaldılmasını təmin edən planlaşdırma modeli hazırlanıb

Bakı, 3 oktyabr, AZƏRTAC
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun həmmüəllifi olduqları məqalə “MECS Press” tərəfindən nəşr olunan “International Journal of Computer Network and Information Security” (IJCNIS) jurnalında dərc olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
“Mobil bulud hesablamasında məsələlərin planlaşdırılması və resursların paylanmasının tam ədədli proqramlaşdırma modelləri” adlı məqalədə qeyd edilir ki, ənənəvi mobil bulud hesablamalarında istifadəçilərin məsələləri internet şəbəkəsi üzərindən bulud serverə yüklənir və emal edilir. Son dövrlərdə şəbəkəyə qoşulan mobil istifadəçilərin sayının sürətlə artması səbəbindən internet şəbəkəsinin əlaqə kanallarının yüklənməsi nəticəsində bulud serverlərdə emal olunan məlumatların istifadəçiyə çatdırılmasında böyük gecikmələr yaranır. Eyni zamanda, çoxsaylı istifadəçilərin məsələlərinin bulud serverlərdə optimal planlaşdırılması da nəticələrin istifadəçiyə çatdırılmasında problemlər yaradır.
Planlaşdırma istifadəçilərin məsələlərinin bulud serverlərdə balanslı şəkildə paylanmasını təmin etməklə məsələlərin icra müddətini azaltmaq üçün istifadə olunan bir yanaşmadır. Planlaşdırmanın məqsədi istifadəçilərin tələblərini nəzərə alaraq tapşırıqların sürətli emalını həyata keçirən uyğun resursların seçilməsini təmin etməkdir. Bulud xidmət təminatçılarının məqsədi effektiv planlaşdırma həyata keçirməklə istifadəçiləri tələb olunan resurslarla təmin etməkdir ki, nəticədə həm istifadəçi, həm də xidmət təminatçısı gəlir əldə etsin. Məqalədə mobil bulud hesablamaları mühitində məsələləri “cloudlet” şəbəkəsində optimal yerləşdirilməklə emal vaxtının, şəbəkə gecikmələrinin və mobil qurğuların enerji sərfiyyatının azaldılmasını təmin edən planlaşdırma modeli təklif edilib.
Qeyd edək ki, jurnal “Web of Science”, INSPEC və digər bazalarda indeksləşir və referatlaşdırılır.