ELM VƏ TƏHSİL
Buraxılış imtahanlarının nəticələri müzakirə edilib
Bakı, 14 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə IX siniflərin ötənilki buraxılış imtahanlarının nəticələrinin təhlilinə həsr olunmuş görüş keçirilib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, görüşdə Təhsil İnstitutu tərəfindən buraxılış imtahanlarının nəticələrinin təhlilinə dair təqdimat nümayiş olunub.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, məktəbin perspektiv fəaliyyət istiqamətlərindən və təhsilalanların biliyinin düzgün qiymətləndirilməsinin vacibliyindən danışıb. İdarə müdiri buraxılış imtahanlarında şagirdləri aşağı nəticə göstərən məktəblərin nəticələrinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin göruləcəyini söyləyib.
BŞTİ müdiri şagirdlərin özünüifadə bacarıqlarının inkişafında əsas rol oynayan diqqət və sürət məsələləri ilə bağlı məktəb psixoloqları tərəfindən müvafiq işlərin aparılmasının vacibliyinə toxunub.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov buraxılış imtahanlarının nəticələrinin yaxşılaşdırılması ilə bağlı işlərin daha da sürətləndirilməsinin, qarşıya çıxan problemlər və onun həlli yollarının aradan qaldırılmasına dəstək veriləcəyini söyləyib.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova təhsil sistemində yeni modellərin tətbiqinə başlanılmasının, həmçinin fənlərin tədrisində, məktəbdaxili qiymətləndirmənın təşkilində müasir yanaşmaların nəzərdən keçirilməsinin əhəmiyyətindən danışıb.
Görüşdə buraxılış imtahanlarında qeyri-müvəffəq nəticə göstərən şagirdlərin uğursuzluqlarının səbəblərinin aydınlaşdırılması və perspektiv planların tərtib edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Daha sonra məktəb direktorları və müəllimlərin iştirakı ilə müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, təkliflər səsləndirilib.