CƏMİYYƏT
Cəmiyyətin formalaşmasında nəsillərarası münasibətlərin rolu mühüm əhəmiyyət kəsb edir
Bakı, 20 dekabr (AZƏRTAC). Dekabrın 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səbail Rayon İcra Hakimiyyəti ilə birgə “Nəsillərarası münasibətlərin cəmiyyətin formalaşmasında rolu” mövzusunda tədbir keçirmişdir.
Tədbirdə Milli Məclisin deputatları, Səbail rayonu ərazisindəki ağsaqqallar və veteran təşkilatlarının nümayəndələri, tələbə və şagirdlər iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov mövzu ilə bağlı rayonda həyata keçirilən layihələr və tədbirlərdən danışmışdır. Bildirmişdir ki, ailənin möhkəmliyi, səmimi münasibətlər, ailə başçısı və yaşlı nəslə olan hörmət və ehtiram ənənələri xalqımıza xas olan cəhətlərdir. Ailədə və cəmiyyətdə milli dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsinin, gənc nəslin yaşlı nəslin nümayəndələrinə daim hörmət-izzətlə yanaşmasının, ahıl insanlara qayğı və diqqətin formalaşdırılmasının təbliği hazırda istər dövlət, istərsə də qeyri-dövlət qurumları qarşısında duran əsas məsələlərdən biridir. Azərbaycanda ahıl və yaşlı nəslin nümayəndələri daim dövlətin diqqət mərkəzində olmuşlar.
İcra hakimiyyətinin başçısı qeyd etmişdir ki, bu tədbirin məqsədi gənc nəsillə ahılların sıx ünsiyyətinin yaradılması, yaşlı nəslə diqqət və qayğının daha da gücləndirilməsinə nail olmaqdır.
Tədbirin əhəmiyyətindən danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova gənclərlə yaşlı nəslin münasibətlərinin daha da möhkəmləndirilməsinin bu günün aktual vəzifələri sırasında olduğunu bildirmiş və komitə tərəfindən bu istiqamətdə bir sıra işlərin görüldüyünü vurğulamışdır.
Tədbirdə mövzu ətrafında işgüzar müzakirələr aparılmış, nəsillərarası münasibətlərin təkmilləşdirilməsinə xidmət edən təkliflər verilmişdir.