İQTİSADİYYAT
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə ölçmə stansiyasının tikintisinin 36 faizi tamamlanıb
Bakı, 20 sentyabr, AZƏRTAC
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə ölçmə stansiyasının tikintisinin 36 faizi tamamlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir.
“Cənub Qaz Dəhlizi” “Şahdəniz-2” də daxil olmaqla 4 əsas layihə üzrə reallaşdırılır. İlk növbədə, Azərbaycan və Gürcüstan əraziləri boyunca uzanan Cənubi Qafqaz Boru Kəməri (CQBK) genişləndirilir. 2006-cı ildə istismara verilən bu kəmərlə hazırda “Şahdəniz” qazı Gürcüstan və Türkiyəyə daşınır. Genişləndirmə işləri çərçivəsində faktiki olaraq hazırkı kəmərə paralel yeni bir boru xətti və Gürcüstanda iki yeni kompressor stansiyası inşa ediləcək, kəmərin ümumi ötürücülük gücü ildə 23 milyard kubmetrə çatdırılacaq. Genişləndirmə layihəsi üzrə işlər Azərbaycan və Gürcüstan ərazilərində boru kəmərinin bütün marşrutu boyunca geniş vüsət alıb. Boruların düzülməsi, örtüklənməsi, xəndəyə endirilməsi, qaynaqlanması və sair işlər qrafikə uyğun olaraq davam edir. Kompressor stansiyalarında tikinti-quraşdırma işləri intensivləşib. Ölçmə stansiyasının tikintisi 36 faiz tamamlanıb və 2018-ci il üçün işlərin yekunlaşdırılması planına uyğun davam edir”, - deyə SOCAR-ın prezidenti bildirib.