DÜNYA
Cənubi Sudanda hökumət qoşunlarının qiyamçılara qarşı əks-hücumu başlamışdır
Bakı, 20 dekabr (AZƏRTAC). Cənubi Sudanda hökumət qoşunları sabiq vitse-prezident Riek Maşarın rəhbərlik etdiyi qiyamçılara qarşı əks-hücuma keçmişlər. Ordu əsas qüvvəsini Akobo yaşayış məntəqəsinə və iri neftçıxarma obyektlərinə yönəltmişdir.
“Euronews” telekanalının yaydığı məlumata görə, qiyamçılar dünən BMT-nin sülhməramlılarının Akoboda yerləşən bazasını hücumla ələ keçirmişlər. Atışma nəticəsində Hindistandan olan 3 sülhməramlı həlak olmuşdur. Bazada sığınacaq tapmış mülki şəxslər arasında da ölənlərin olduğu bildirilir.
Qiyamçıların rəhbəri hakim Xalq Azadlıq Partiyasını və hökumət qoşunlarını prezident Salva Kiiri devirməyə çağıraraq demişdir: “Biz onun getməsini istəyirik. O, insanları birləşdirməyi bacarmayacaqdır”.
Müşahidəçilər Kiir və onun iyul ayında istefaya göndərdiyi eks-prezident Maşar arasında ixtilafların irimiqyaslı vətəndaş müharibəsinə, yaxud ölkədəki iki tayfanın silahlı qarşıdurmasına gətirib çıxaracağından ehtiyatlanırlar.
ABŞ, Böyük Britaniya, İtaliya və Almaniya öz vətəndaşlarını Cənubi Sudandan təcili olaraq çıxarmağa başlamışlar.