ELM VƏ TƏHSİL
“Çağdaş Azərbaycan postmodern romanı” monoqrafiyası nəşr olunub
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu elmi şurasının qərarı ilə Salidə Şərifovanın “Çağdaş Azərbaycan postmodern romanı” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan buraxılıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov və filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadıqovdur. Monoqrafiyada kifayət qədər tədqiq olunmamış, sistemsiz xarakter daşıyan Azərbaycan postmodernizminin mahiyyəti, postmodern romanının fabulası, süjeti və süjet xətləri, obrazları nəzərdən keçirilib.
Kitabda Azərbaycan nəsrində postmodern romanların XX əsrin sonlarında meydana gəldiyi diqqətə çatdırılır. Azərbaycan ədəbiyyatında Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, Sabir Rüstəmxanlının “Göy Tanrı”, Anarın “Ağ qoç, qara qoç”, Həmid Herisçinin “Nekroloq”, İlqar Fəhminin “Qarğa yuvası”, “Akvarium” və digər əsərlər postmodern üslubda yazılmış əsərlər kimi təhlil obyektinə çevrilib.