İQTİSADİYYAT
Çarlz Hendri: “Səfərin əsas məqsədlərindən biri Böyük Britaniya şirkətlərini Azərbaycanın yalnız neft-qaz sahəsinə deyil, digər sahələrə də investisiya yatırmağa sövq etməkdir”
Bakı, 29 sentyabr (AZƏRTAC). Sentyabrın 29-da Böyük Britaniya və Şimali İrlandiya Krallığının energetika üzrə dövlət naziri Çarlz Hendri Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycana və ümumilikdə regiona ilk dəfə səfər etdiyini və bu səfərindən məmnun qaldığını söyləyən Çarlz Hendri Azərbaycan Prezidenti ilə görüşdüyünü və səmərəli müzakirələr apardığını qeyd etmişdir. Səfər çərçivəsində Sənaye və Energetika, Maliyyə nazirliklərində, Mərkəzi Bankda da görüşlər keçirilmişdir.
Ç.Hendrinin sözlərinə görə, Azərbaycanın gələcəyi böyük perspektivlər vəd edir. Böyük Britaniya şirkətləri Azərbaycanda mövcud neftayırma zavodlarının yenidən qurulmasında maraqlıdırlar. İki ölkə arasında energetika sahəsində əməkdaşlığın uğurla davam etdiyi, ARDNŞ ilə “bp” arasında tərəfdaşlığın bunun bariz nümunəsi olduğu vurğulanmışdır. Dövlət naziri gələcəkdə bu əməkdaşlığın maliyyə, tikinti, yol servisi və digər sahələrə yönəltmək istəklərini bildirmişdir.
Böyük Britaniya şirkətlərini Azərbaycana cəlb etmək və onları burada yalnız neft-qaz sahəsinə deyil, digər sahələrə investisiya yatırmağa sövq etmək səfərin əsas məqsədlərindən biridir.
######