ELM VƏ TƏHSİL
Çexiyalı alimlər Bilik Fondu ilə əməkdaşlığa maraq göstərirlər
Bakı, 15 oktyabr, AZƏRTAC
Çex Respublikasının Mendel Universitetinin bir qrup alimi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.
Bilik Fondundan AZƏRTAC-a verilən məlumata görə, icraçı direktor Oktay Səmədov qonaqlara Bilik Fondunun təhsil və maarifçılik istiqamətində beynəlxalq səviyyədə həyata keçirdiyi layihələrdən danışıb, Praqada “Azərbaycanın geologiya elmi Çexiyada” layihəsi çərçivəsində təşkil olunmuş sərgi barədə də ətraflı məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Mendel Universitetinin regional inkişaf və beynəlxalq təhsil fakültəsinin dekanı professor Libor Qreqa təmsil etdiyi təhsil ocağı haqqında danışıb. Professor Bilik Fondu ilə Mendel Universiteti arasında təhsil sahəsində əməkdaşlığın mümkün variantları barədə təkliflərini səsləndirib.
Universitetin İqtisadiyyat və biznes fakültəsinin dekan müavini dosent Tomas Foltynek, təhsil üzrə ekspert Katerina Dolnik, Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri, professor Azər Kərimov Çexiya və Azərbaycan alimlərinin, təhsil işçilərinin mübadiləsi, ikitərəfli elmi layihələrin həyata keçirilməsi barədə fikirlərini bildiriblər.
Görüşdə birgə fəaliyyət planı haqqında qarşılıqlı təkliflər müzakirə olunub, təcrübə mübadiləsinin səmərəli nəticələr verəcəyinə əminlik ifadə olunub.