DÜNYA
Çin və Böyük Britaniya valyuta svopları barədə razılığa gəlmişlər
Bakı, 25 iyun (AZƏRTAC). Çinin və Böyük Britaniyanın hakimiyyət orqanları funt/yuan svop xətləri yaradılmasına dair üçillik müqavilə imzalamışlar. Bu ölkələr lazım gələndə bir-biri ilə hesablaşmaq üçün valyuta xətlərindən istifadə edə bilərlər. Bu müqavilə Çinin “Böyük yeddilik” ölkələrindən biri ilə imzaladığı ilk belə razılaşmadır.
İngiltərə Bankının başçısı Mervin Kinq və Çin Xalq Bankının rəhbəri Çjou Syaoçuan üç illik svop xətti yaradılmasına dair müqavilə imzalamışlar. Müqavilənin ümumi həcmi 200 milyard yuana (32,6 milyard dollar) bərabərdir.
Çinin hakimiyyət orqanları buna bənzər ikitərəfli valyuta sazişləri imzalanmasına dair planauyğun işi davam etdirirlər.
Bu siyasət dünyada yuanın məzənnəsini möhkəmləndirmək, qlobal ticarətdə və maliyyə sazişlərində ondan daha geniş istifadə olunmasını təmin etmək məqsədi daşıyır.
Artıq ümumi məbləği təxminən 2 trilyon yuan olan 20-dək belə razılaşma imzalanmışdır. Çinlə saziş imzalamış tərəfdaşlar arasında Avstraliya, Yeni Zelandiya, Braziliya, Sinqapur, Honkonq, Tailand, Argentina, Malayziya və bir sıra digər ölkələr vardır.
Qeyd edək ki, Çinin hakimiyyət orqanları inkişaf etməkdə olan ölkələrlə, habelə əsasən Asiya-Sakit okean regionundan olan ticarət tərəfdaşları ilə valyuta svop xətlərinin yaradılması istiqamətində yetərincə dəqiq mövqe nümayiş etdirirlər.
ABŞ, Yaponiya, habelə avrozona ölkələri hələlik belə razılaşmalardan kənarda qalmışlar.
Bu baxımdan Çinin Böyük Britaniya ilə imzaladığı müqavilə əlamətdardır. Həmin müqavilə Çinin dünyanın inkişaf etmiş aparıcı “Böyük yeddilik” ölkələrindən biri ilə imzaladığı ilk belə sazişdir.
Çin ilk dəfədir ki, Mərkəzi Bankı dünyanın ehtiyat valyutalarından birinin emissiyasını həyata keçirən dövlətlə valyuta svop xətti yaratmışdır.