SİYASƏT
Çin Xalq Respublikasının baş prokuroru ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir
Bakı, 12 aprel (AZƏRTAC). Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun baş prokuroru Çao Cianminqin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.