İDMAN
Çində yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları möhtəşəm nəticə göstəriblər
![Çində yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları möhtəşəm nəticə göstəriblər](/files/2014/2/1200x630/1409232481560218547_1200x630.jpg)
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 29 idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edib.
Azərbaycan 9 idman növündən (avarçəkmə, cüdo, taekvondo, boks, sərbəst güləş, yunan-Roma güləşi, üzgüçülük, atletika, kamandan oxatma, güllə atıcılığı) 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilmiş 86 ölkə arasında 10-cu yeri tutub. Qazanılmış medalların sayına görə (12 medal) Azərbaycan 14-cüdür. Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında 1-ci yerdədir. 21 idmançıdan 12 idmançı Vətənə medalla qayıdır.
İdmançılarımızdan Səid Quliyev (73 kq) taekvondo, İslambek Dadov (69 kq) yunan-Roma, Rüfət Hüseynov (49 kq) boks, Teymur Məmmədov (63 kq) sərbəst güləş, İqbal Hacızadə (100 kq) sərbəst güləş üzrə qızıl medala sahib olublar.
Olimpiya Oyunlarında Leyla Əliyeva (44 kq) cüdo, Natiq Qurbanlı (55 kq) cüdo, Ceren Ozbek (44 kq) taekvondo, Baris Yotov avarçəkmə (1 nəfərlik qayıq), Cabbar Nəcəfov (50 kq) yunan-Roma güləşi, Leyla Qurbanova (52 kq) qadın güləşi gümüş medal və Nazim Babayev atletika (3 təkanla tullanma) bürünc medal qazanıblar.
Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına nəzər salsaq, bu oyunlarda Azərbaycan 5 idman növündə (ağır atletika, güləş, boks, cüdo, avarçəkmə) 12 nəfərdən ibarət komanda ilə iştirak edib. Nəticədə 3 idman növündə (ağır atletika, güləş, boks) 5 qızıl və 3 gümüş medal qazanaraq komanda hesabında 204 ölkə arasında 11-ci yeri tutub. Eyni zamanda, Azərbaycan iştirakçıların sayına görə ən yaxşı nəticə göstərən 2-ci ölkə olmuş, ümumi hesabda İslam dövlətləri arasında 1-ci, Avropada 6-cı, MDB ölkələri arasında 3-cü yeri qazanıb.