CƏMİYYƏT
Çinin Sian şəhərində keçirilən “İpək yolu beynəlxalq kommunikasiya forumu”nda Azərbaycan təmsil olunur VİDEO
![](/files/galleryphoto/2023/3/1200x630/16982196326425736989_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982196324126749785_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982196332191046366_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982196333346133798_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698219633204152524_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982196335321636211_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698219633224722120_1200x630.jpg)
Sian, 25 oktyabr, AZƏRTAC
Çinin Şansi vilayətinin paytaxtı Sian şəhərində “İpək yolu beynəlxalq kommunikasiya forumu” keçirilir.
AZƏRTAC xəbər verir ki, Çinin rəsmi xəbər agentliyi olan Sinxua və Şansi vilayəti hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forumda müxtəlif ölkələrdən rəsmi şəxslər, diplomatlar, media qurumlarının rəhbər şəxsləri, habelə iş adamları, beyin mərkəzlərinin nümayəndələri, elm adamları iştirak edirlər.
Azərbaycanı forumda AZƏRTAC-ın və AzTV-nin əməkdaşları təmsil edir.
Açılış mərasimində çıxış edən Sinxua agentliyinin prezidenti Fu Hua, Şansi vilayəti partiya komitəsinin katibi Cao İde, Türkiyənin Çindəki səfiri İsmayıl Haqqı Musa, Pakistanın “Assoşieyted Press” (APP) agentliyinin icraçı direktoru Adnan Əkrəm Bacva və başqaları tarixi İpək yolunun bərpasını ehtiva edən “Bir kəmər, bir yol” təşəbbüsünün təkcə dövlətlərin iqtisadi-ticari əməkdaşlığını deyil, həm də ölkələr və xalqlar arasında humanitar əlaqələri, ünsiyyətin möhkəmlənməsini əhatə etdiyini bildirdirlər. Qeyd olundu ki, “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında medianın, jurnalistikanın rolu danılmazdır. Sian forumunun məqsədi də İpək yolu üzərində olan ölkələrin birgə inkişafına və ümumiyyətlə İpək yolu ruhunun yaşadılmasına töhfə verməkdir.
Qeyd olundu ki, İpək yolu ölkələrini əhatə edən media platformaları xalqlar arasında əməkdaşlığın və dostluğun möhkəmlənməsində körpü rolunu oynayır. Ölkələrin bir-birini daha yaxından tanıması üçün birbaşa informasiya mübadiləsinin əhəmiyyəti vurğulandı.
Çıxışlarda “Bir kəmər, bir yol” təşəbbüsü ilə harmoniya yaradan Orta Dəhliz layihəsinin birgə inkişaf, əməkdaşlıq üçün əhəmiyyəti vurğulandı. Bildirildi ki, Orta Dəhliz Çinə Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz hövzəsi vasitəsi ilə Aralıq dənizinə, Avropa və Afrikanın şimalına çıxış təmin edir.
Forum işini panel iclasda davam etdirir.
Qeyd edək ki, forumun Sianda keçirilməsi təsadüfi deyil. Çünki qədim Sian şəhəri Çində İpək yolunun başlanğıc nöqtəsi sayılır. Sian müxtəlif dövrlərdə Çin ərazisində mövcud olan bir neçə dövlətin paytaxtı kimi tarixi önəm daşıyır.
Sian