DÜNYA
Çinin Sinxua informasiya agentliyinin 80 yaşı tamam olmuşdur
Pekin, 8 noyabr (AZƏRTAC). Çin Xalq Respublikasının Sinxua milli informasiya agentliyinin yaranmasının 80 ili tamam olmuşdur.
1931-ci ildə ölkənin Cyansi vilayətinin Ruycin şəhərində “Qırmızı Çin” adı ilə yaradılmış agentlik 1937-ci ildən çin ədəbi dilində “Yeni Çin” mənası verən indiki adını qəbul etmişdir.
Ötən 80 ildə Sinxua agentliyi mürəkkəb inkişaf yolu keçmiş, mərkəzi qərargahı bir neçə dəfə dəyişmiş, kiçik bir mətbu orqanından dünya miqyaslı iri kütləvi informasiya vasitəsinə çevrilmişdir.
Hazırda Sinxua çin, ingilis, fransız, ispan, rus, yapon, ərəb və portuqal dillərində xəbərlər yayır, habelə foto, qrafika, audio və video xəbər, mobil telefon xəbərləri xidməti təqdim edir. Agentliyin 162 ölkədə müxbir məntəqəsi fəaliyyət göstərir. Xatırladaq ki, Sinxua agentliyinin Bakı bürosu artıq bir ildir fəaliyyət göstərir. Əməkdaşlarının sayı 10 minə çatan agentliyin çin və ingilis dilində televiziya xidməti də vardır.
Azərbaycan Dövlət Teleqraf Agentliyi - AZƏRTAC ilə Sinxua arasında həm ikitərəfli, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq əlaqələri vardır. 2003-cü ildə AZƏRTAC ilə Sinxua arasında yaranmış ikitərəfli əlaqələr hər iki agentliyin üzv olduğu qurumlar çərçivəsində möhkəmlənmişdir. Ötən il Bakıda AZƏRTAC-ın yaranmasının 90 illik yubiley tədbirlərində Sinxuanın nümayəndələri də iştirak etmişlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin