İQTİSADİYYAT
“Çıraq Neft Layihəsi” çərçivəsində ilk neftin 2013-cü ilin dördüncü rübündə çıxarılacağı gözlənilir
Bakı, 8 iyun (AZƏRTAC). Heydər Əliyevin neft strategiyası çərçivəsində xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük işlər həyata keçirilmiş və uğurlu nəticələr əldə edilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bu sözləri iyunun 8-də Bakıda keçirilən XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı və neft kimyası konfransının açılışında bildirmişdir.
Bu dövrdə nəhəng “Şahdəniz” qaz-kondensat yatağı, orta səviyyəli “Əşrəfi” və “Qarabağ” yataqları aşkar edilmiş, “Azəri-Çıraq-Günəşli” sahəsində neft ehtiyatları iki dəfəyə yaxın artırılmışdır, - deyən ARDNŞ prezidenti vurğulamışdır ki, burada ümumi çıxarıla bilən ehtiyatlar 1 milyard ton neft və 350 milyard kubmetr qaz həcmində qiymətləndirilir. Ölkədə neft hasilatı 1997-2010-cu illərdə 5,6 dəfə artaraq 50,7 milyon tona çatdırılmışdır. Gündəlik neft hasilatı təxminən 140 min ton və ya 1 milyon barrel təşkil etmişdir.
Qarşıdakı illərdə “Azəri-Çıraq-Günəşli” layihəsi növbəti mərhələyə qədəm qoyacaqdır. Bu, yeni işlənilən “Çıraq Neft Layihəsi” ilə bağlıdır. İndiyədək qazanılmış uğurların davamı olan bu layihə çərçivəsində ilk neftin 2013-cü ilin dördüncü rübündə çıxarılacağı gözlənilir.