DÜNYA
Conni Depp öz dərisində şəxsi gündəliyini yazır
Bakı, 3 dekabr (AZƏRTAC). Hollivud aktyoru Conni Depp tatuirovkalara məhəbbəti ilə tanınmışdır: ulduz aktyorun bədənini azı 14 tatu bəzəyir. Bu yaxınlarda o, izah etmişdir ki, bütün bu rəsmlərin onun üçün öz mənası vardır.
Deppin bədənində döydürdüyü yazıların bəziləri onun rolları qədər məşhurdur. Onun əvvəllər sevdiyi qızın – aktrisa Vaynona Rayderin şərəfinə döydürdüyü məşhur “Həmişəlik Vaynona” yazısını kim unudub? Ondan ayrıldıqdan sonra Conni bu tatunu “Həmişəlik sərxoş” yazısı ilə əvəz etmişdir.
“Karib dənizi quldurları”nın ulduzu bu yaxınlarda etiraf etmişdir ki, bədənindəki bütün tatular onun həyatındakı mühüm insanlar və hadisələr haqqında daimi xatirələrdir. Aktyor demişdir: “Mən bu tatuları öz gündəliyim hesab edirəm. İlk tatuirovkanı hələ yeniyetmə yaşlarımda etmişdim. Mənim dərimdə bütün həyatım yazılmışdır”.
Kino ulduzu demişdir ki, bu yaxınlarda o, uşaqların qətlində nahaqdan məhkum olunmuş üç Amerika rokerindən biri olan Demien Ekolsla görüşmüşdür. Ekols bu ilin yayında həbsxanadan çıxmışdır. Depp onun azad edilməsi uğrunda 18 il mübarizə aparmışdır.
Aktyor demişdir: “O, Disneylendə getmək istədi və biz birlikdə oraya getdik. Bundan sonra hər ikimiz özümüzə tatu etdirdik. Beləliklə, mən həyatımda baş verən mühüm hadisələri dərimdə döydürürəm”.
Conni Depp öz dərisində uşaqlarının – qızı Lili-Rouzun və oğlu Cek Kristoferin də adlarını həkk etdirmişdir. Onun məşhur bədənində anası üçün də yer tapılmışdır: “Betti Syu” yazısı aktyorun valideyni Betti Syu Palmerin şərəfinə həkk edilmişdir.