REGİONLAR
“COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşündə Azərbaycan öz səmimi mövqeyini ortaya qoydu
Ağcabədi, 7 iyul, AZƏRTAC
Dünyada COVID-19 pandemiyasının tüğyan etdiyi ilk gündən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz koronavirusla regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə bir sıra zəruri təşəbbüslər irəli sürüb, məqsədyönlü addımlar atıb. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən zirvə görüşündə Azərbaycan öz səmimi mövqeyini ortaya qoyub və bütün ölkələri bu bəlaya qarşı birgə mübarizəyə səsləyib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri İlqar İlysov bildirib.
Zirvə görüşündə Prezident İlham Əliyevin pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sesiyasının keçirilməsi təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsinin Azərbaycanın böyük uğuru olduğunu vurğulayan İ.İlyasov deyib: “Zirvə görüşündə Prezident İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini bildirib. Təklif 120 Qoşulmama Hərəkatı üzv ölkələri arasında yekdilliklə razılaşdırılıb. Bunun ardınca Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT Baş katibinə müraciət ünvanlayıb. 130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsü dəstəklənib. Hər bir azərbaycanlı Prezident İlham Əliyevin humanist təşəbbüsünü dəstəkləyir və ümid edir ki, dövlətimizin başçısının bu təşəbbüsü beynəlxalq ictimaiyyəti pandemiya ilə mübarizəyə səfərbər edəcək”.