SİYASƏT
DAĞLIQ QARABAĞ PROBLEMİ AŞPA-NIN BÜTÜN KOMİTƏLƏRİNDƏ MÜZAKİRƏ EDİLMƏLİDİR
Paris, 14 dekabr (AZƏRTAC). Dekabrın 14-də Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) bürosunun növbəti toplantısı keçirilmişdir. Büro üzvləri 2010-cu ilin qış sessiyasının gündəliyi, Avropada demokratik vəziyyət, oktyabr ayında demokratiyanın gələcəyinə dair Kiyevdə keçirilmiş forumun nəticələri, Ukraynada qarşıdakı prezident, Fələstində prezident və parlament seçkiləri, Gürcüstan və Rusiya münasibətləri, ATƏT-in Minsk qrupunun təklifi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 1416 saylı qətnamənin yerinə yetirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
Azərbaycanın AŞPA yanındakı daimi nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov yığıncaqla bağlı AZƏRTAC-ın xüsusi müxbirinə verdiyi müsahibəsində demişdir: Büroda ölkəmizlə bağlı birbaşa hər hansı məsələ gündəliyə salınmamışdır. Amma sadəcə, AŞPA-nın sədri Luis Maria de Puş Dağlıq Qarabağa dair AŞPA-nın alt komitəsinin fəaliyyətinin bərpa edilməsindən danışarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli istiqamətində iki ölkə arasında danışıqların fəallaşdığını qeyd etmiş, rəhbərlik etdiyi qurumda bu məsələ ilə əlaqədar alt komitənin olduğunu, amma xeyli vaxtdır fəaliyyət göstərmədiyini xatırlatmış və Azərbaycan nümayəndə heyətinin rəhbərindən buna münasibətini bildirməsini xahiş etmişdir.
Mən çıxışımda bu məsələnin çox vacib olduğunu xüsusi vurğuladım. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi AŞPA-nın gündəliyindən çıxarılmamalıdır. Əksinə, problem alt və münaqişələrin qarşısını almaq komitələri ilə yanaşı, bütün komitələrdə daim qaldırılmalı, geniş müzakirə olunmalı və obyektiv şəkildə təqdim edilməlidir.
Büronun qərarına əsasən bu məsələdə hansısa dəyişiklik olmayacaq, sadəcə, müzakirələr fəallaşdırılmalıdır. Əminəm ki, münaqişə ilə bağlı müzakirələr bundan sonra daha da fəal şəkil alacaqdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris