İQTİSADİYYAT
“Darvin bankası”ndakı 500 saylı özül əsaslı təmir edilib
Bakı, 21 iyun, AZƏRTAC
SOCAR-ın “Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir.
SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, bu günlərdə “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 500 saylı stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilib. Özülün 1619 kvadratmetrlik hissəsi əsaslı təmir edilib, 2350 kvadratmetr sahədə isə korroziyaya qarşı mühafizə tədbirləri aparılıb, elektrik-quraşdırma işləri yerinə yetirilib. 40 ədəd möhkəmləndirici svay vurulub, müxtəlif ölçülü 9 metal lövhə, 46 ədəd suüstü əlaqə xətti, 1 piyada körpüsü, 2 yanalma və 2 minik meydançası, eləcə də dalma nasosları üçün 3 şaxta, 1 xidmət meydançası, lafet lüləsi üçün 2 dor quraşdırılıb. Özülün perimetri boyu 201 metr uzunluğunda məhəccər çəpərləri təmir olunub. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb.
Qeyd edək ki, özüldə aparılmış təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən obyektlərin tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və istismara qəbul edilib.