Azərbaycan Dövlət İnformasiya Agentliyi

“DAXİLİ AUDİT HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Daxili audit haqqında” Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli 332-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Daxili audit haqqında” Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli 332-IIIQ nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. Azərbaycan Respublikası Auditorlar Palatasının təklifləri nəzərə alınmaqla, həmin Qanunun 2.1-ci və 15-ci maddələrinə müvafiq olaraq məcburi auditin obyekti olan təsərrüfat subyektləri üzrə bu Qanunun mərhələlərlə tətbiqi müddətlərini müəyyən etsin;
1.4. öz səlahiyyətləri daxilində “Daxili audit haqqında” Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli 332-IIIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin