İQTİSADİYYAT
Dəmir yolunun Bakı-Biləcəri sahəsində əsaslı təmir işlərinə başlanılmışdır
Bakı, 13 iyul (AZƏRTAC). “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir.
İyulun 13-də dəmir yolunun Bakı-Biləcəri sahəsində 8,5 kilometrlik hissənin əsaslı təmirinə başlanılmışdır. Təmir işləri ayın sonunadək davam edəcəkdir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ilkin olaraq Bakı-sərnişin stansiyasında 741 metr yol və 7 ədəd yoldəyişən təzələnəcəkdir.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. MMC-dən verilən məlumata görə, səhər saatlarında Bakı-sərnişin stansiyasında işə başlanılmış və köhnə yolun xeyli hissəsi sökülmüşdür.
“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işlərinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanılmışdır. Bu günədək 254,7 kilometr yol əsaslı təmir olunmuşdur.
Bakı-Böyük Kəsik istiqamətində aparılan əsaslı təmir işləri müvafiq cədvəldə nəzərdə tutulan ardıcıllıqla həyata keçirilir.