SİYASƏT
DEMOKRATİK İSLAHATLAR PARTİYASI: SEÇKİ DEMOKRATİK VƏ ƏDALƏTLİ KEÇMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 17-də Demokratik İslahatlar Partiyası (DİP) Azərbaycanda keçirilən prezident seçkiləri zamanı apardığı müşahidələrin nəticələri ilə bağlı mətbuat konfransı keçirmişdir.
DİP-in sədri Asim Mollazadə bildirmişdir ki, seçki prosesi açıq, şəffaf və demokratik şəraitdə keçmiş, seçicilərin fəallığı aşkar hiss olunmuşdur. Müşahidəçilər prosesdə ciddi qüsurlar, qeyri-qanuni hallara rast gəlməmişlər. Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilmişdir.
A.Mollazadə vurğulamışdır ki, partiyadan olan müşahidəçilər ölkə üzrə 125 seçki dairəsini əhatə etmiş, məntəqələrin əksəriyyətində seçki prosesini müşahidə etmək imkanına malik olmuşlar.
DİP-in sədri diqqətə çatdırmışdır ki, namizədlərin qeydə alınması prosesi kifayət qədər uğurla həyata keçmişdir. Namizədlər kütləvi informasiya vasitələrinə çıxış əldə etmişlər.
Seçkilər günü ictimaiyyətin operativ surətdə nəticələrlə bağlı məlumatlandırılması, qeyri-hökumət təşkilatlarına, siyasi partiyalara, beynəlxalq təşkilatların nümayəndələrinə seçkiləri müşahidə etmək üçün normal şəraitin yaradılması təqdirəlayiqdir.