ELM VƏ TƏHSİL
Dillər Universitetinin müəllimləri məktəblilərə ingilis dilində dərs keçiblər
Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da Azərbaycan Dillər Universitetində (ADU) Yasamal rayonundakı 53 nömrəli orta məktəbin şagirdlərinin iştirakı ilə tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi universitet ilə orta məktəblər arasında əlaqələri genişləndirmək, şagirdlərdə bu ali təhsil ocağı haqqında ilkin təsəvvür yaratmaq olub.
ADU-nun linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva vurğulayıb ki, tədbir şagirdlərin universitet və tələbə həyatı haqqında təsəvvürlərinin formalaşmasında mühüm rol oynayacaq. Hazırda ADU-da 20-dən çox dilin tədris olunduğunu deyən M.Qazıyeva universitetin tədris prosesi, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib.
Kafedranın baş müəllimləri Dinarə Muxtarova və İlahə Əliyeva universitetlə orta məktəb arasındakı oxşar və fərqli xüsusiyyətlərdən danışıblar və şagirdlərə interaktiv şəkildə ingilis dilində dərs keçiblər.
Sonda şagirdlər Novruz bayramının tarixi, atributları haqqında ingilis dilində danışıblar və müxtəlif rəqs nömrələri ilə çıxış ediblər.