ELM VƏ TƏHSİL
DİM: İmtahanlarda 8 nəfər fiziki məhdudiyyətli şagird də iştirak edəcək
Bakı, 14 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 16-17-də respublikanın 23 şəhər və rayonunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarında 8 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, onların rahat şəkildə imtahan verməsi üçün ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
Xatırladaq ki, aprelin 16-da keçiriləcək imtahanda 23 min 107, aprelin 17-də keçiriləcək imtahanlarda isə 21 min 749 nəfər olmaqla, ümumilikdə 44 min 856 şagirdin iştirakı nəzərdə tutulur.