CƏMİYYƏT
DİN: 16 nəfər koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 10-da respublika ərazisində 16 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə polis əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumlarını məlumatlandırıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən iki nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.