DÜNYA
Disneylend 30 illik yubileyini qeyd etməyə hazırlaşır VIDEO
Tokio, 12 aprel (AZƏRTAC). Aprelin 15-də Tokio Disneylendin 30 yaşı tamam olur.
Bu möhtəşəm və gözəl park Yaponiya paytaxtının yaxınlığında, Tiba prefekturasının Urayasu şəhərində yerləşir. 1983-cü il aprelin 15-də fəaliyyətə başlamış bu əyləncə parkı təxminən 47 hektar ərazini əhatə edir. Disneylend özündə “Tokyo DisneySea”ni, mehmanxanaları və ticarət kompleksini birləşdirən “Tokyo Disney Resort”un daxilində yerləşir. Onun qapıları birbaşa “Mayhama” və “Tokio Disneylendi” stansiyalarına açılır.
Parkın mərkəzində yerləşdirilmiş Uolt Disneyin heykəli ziyarətçiləri salamlayır. Heykəlin arxasında isə Sindrellanın öz möhtəşəmliyi və gözəlliyi ilə seçilən sarayı ucalır.
Yaşından asılı olmayaraq Tokio sakinləri və Yaponiya paytaxtının qonaqları böyük məmnuniyyətlə bu nağıllar aləmini ziyarətə gəlirlər.
Tokyo Disneylendi ABŞ-ın hüdudlarından kənarda inşa edilmiş ilk Disney parkıdır. “Walt Disney Imagineering” şirkəti tərəfindən tikilmiş park öz stilinə görə Kaliforniya Disneylendinə və Floridadakı Sehrli Krallığa bənzəyir. Hazırda park “Walt Disney Company”nin lisenziyasını almış “Oriental Land Company”yə məxsusdur. Tokio Disneylendi və “Tokio DisneySea” “Walt Disney Company”yə məxsus olmayan yeganə Disney parklarıdır.
Tokio Disneylendin bütün ərazisi yeddi mövzu üzrə bölünmüşdür: Heyvanlar ölkəsi, Vəhşi Qərb, Macəralar ölkəsi, Fantaziyalar ölkəsi, Multik qəhrəmanları şəhəri, Gələcəyin ölkəsi və Dünya bazarı.
Bundan əlavə, parkda bir-birindən maraqlı 47 attraksion da quraşdırılmışdır. Disney qəhrəmanlarının iştirakı ilə keçirilən paradlar isə bu nağıllar aləmini daha da zənginləşdirir. Parad zamanı “Walt Disney Company” tərəfindən hazırlanmış müxtəlif cizgi filmlərinin qəhrəmanları ziyarətçiləri nəhəng arabalardan salamlayırlar.
Ziyarətçilərin sayına görə Tokio Disneylendi Floridadakı Sehrli Krallıqdan və Kaliforniyadakı Disneylendden sonra üçüncü yeri tutur. 2009-cu ildə parkda 13,65 milyon, 2010-cu ildə isə 14 milyon ziyarətçi olmuşdur.
Disneylendin gecə görüntüləri də xüsusi gözəlliyi ilə seçilir. Disney qəhrəmanlarının müasir texnologiyaların köməyi ilə işıqlandırılmış kostyumları onların üstündə hərəkət etdiyi arabalar əsil nağıllar və möcüzələr aləmi yaradır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio