CƏMİYYƏT
Doqquz ay ərzində pensiya ödənişlərinə 3 milyard 670 milyon manat vəsait yönəldilib
Bakı, 10 oktyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 5,8 faiz (201 milyon manat) çox olmaqla 3 milyard 670 milyon manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, pensiya islahatlarının davamı olaraq, bu ilin əvvəlindən minimum aylıq pensiya daha 20 faiz artırılaraq 240 manata çatdırılmaqla, həmçinin pensiyaların sığorta hissəsi indeksləşdirilərək artırılıb, əlavə dəstək olaraq pensiyaçılara maddi yardımlar da ayrılıb.
1,2 milyon pensiyaçını əhatə edən bu artımlar üçün illik 440 milyon manat əlavə vəsait ayrılıb.
Bu ilin doqquz ayında 20 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 68 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.