CƏMİYYƏT
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları robot texnikası sahəsi üzrə təlimlərə qoşulublar
Bakı, 16 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə “AzeRobot education” Robototexnika tədris mərkəzi arasında əməkdaşlıq layihəsinə başlanılıb.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində mərkəzin həssas əhali qrupundan olan 30-a yaxın benefisiarı robot texnikası sahəsi üzrə təlimlərə qoşulub. İlkin təlimlərdə benefisiarlar təlimçilər Aynur Hümbətova və Nərmin Məmmədovanın köməkliyi ilə SPİKE və Neobot modulları üzrə robotlar hazırlamağı öyrəniblər. Onlar “LEGO spike education” dərslərindən istifadə edərək hazırladıqları robotları hərəkətə gətiriblər.
Təlimlərin 4 yaş qrupu üzrə həftədə 2 dəfə keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Neobot Cənubi Koreyanın ən yaxşı robototexnika tədris proqramıdır və tədrisi yalnız “AzeRobotda” aparılır. SPİKE-Modulun tədrisi 10-15 yaşarası şagirdlər üçün nəzərdə tutulub. Şagirdlər hazırlanmış robotu, “Scrach” proqramı vasitəsilə kodlaşdırır. Növbəti mərhələlərdə isə daha mürəkkəb konstruksiyaların yığılması, həmçinin robototexnika, mühəndislik və proqramlaşdırma sahələrinin tədrisi həyata keçiriləcək.