İQTİSADİYYAT
Dövlət Gömrük Komitəsində “Narkotiklərə yox deyək!” mövzusunda tədbir keçirilib
Bakı, 29 aprel, AZƏRTAC
Dövlət Gömrük Komitəsində (DGK) “Könüllü gömrükçü” dəstəsinin üzvləri və Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan könüllü hərəkatının könüllüləri üçün “Narkotiklərə yox deyək!” mövzusunda tədbir keçirilib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyaya və onun törətdiyi fəsadlara qarşı mübarizə istiqamətində gənc nəslin maarifləndirilməsi, gömrük orqanları tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlər barədə məlumat vermək olub.
DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı çıxış edərək narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində kompleks tədbirlər həyata keçirilir.
Güloğlan Muradlı narkotik vasitələrin zərərləri, son dövrlərdə dünyada və regionda narkoşərait ilə bağlı məlumat verərək Komitənin vəzifələri və hüquq-mühafizə orqanlarının bu sahədə apardığı mübarizəyə həsr olunan təqdimatla çıxış edib.
DGK-nın Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, “Könüllü gömrükçü” dəstəsinin rəhbəri Vüqar Əliyev narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının gənclər arasında yayılmasının qarşısını alınması, mübarizə tədbirləri ilə bağlı təşkil edilən tədbirin əhəmiyyətindən və “Könüllü gömrükçü” dəstəsinin fəaliyyətindən söhbət açıb.
Vüqar Əliyev son zamanlar narkomaniyanın əhatə dairəsinin genişləndiyini, narkotikdən asılı insanlar arasında gənclərin sayının artdığını təəssüflə qeyd edərək, könüllüləri “ağ ölüm”lə fəal mübarizə aparmağa səsləyib.
Komitənin Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov Mərkəzdə təlimçi kinoloq və xidməti axtarış itlərinin hazırlanması, xüsusi təlim keçən itlərin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının aşkar edilməsi istiqamətində əldə etdiyi nailiyyətlərdən danışıb, gənclərə cəmiyyətdə layiqli yer tutmaq üçün narkotiklərdən uzaq olmağı tövsiyə edib.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev təşkilatçılığa, xüsusilə də son illər vacib əhəmiyyətə malik mövzu ilə bağlı gənclərin maarifləndirilməsinə göstərdiyi təşəbbüsə görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə və bu istiqamətdə gərgin əmək sərf edən gömrükçülərə təşəkkür edib. Yusif Vəliyev çıxışı zamanı Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən narkotik vasitələrin gənclər arasında yayılmasına qarşı müxtəlif maarifləndirici və təbliğat xarakterli işlərin görüldüyünü də diqqətə çatdırıb.
Tədbirdə, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə hazırlanmış fotomateriallar və videoçarxlar təqdim olunub. Kinoloji Mərkəzinin fəaliyyəti narkotik vasitələrin və psixotop maddələrin ziyanı ilə bağlı nümayiş olunan videoçarxlar könüllülər tərəfindən maraqla qarşılanıb.
Daha sonra könüllüləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, tədbirdə Dövlət Gömrük Komitəsində “Könüllü gömrükçü” dəstəsinin üzvləri ilə yanaşı, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan 10 təşkilatın 20-dək üzvü iştirak edib.