SİYASƏT
Dövlət Komissiyası əsir düşmüş şəxslərlə beynəlxalq humanitar hüquq normalarına uyğun davranılmasını tələb edir
Bakı, 13 aprel, AZƏRTAC
Ermənistana məxsus kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun əsgəri, 07.04.2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğluna işgəncələrin verilməsi və onunla qəddar rəftar edilməsinə dair foto və videomateriallar nümayiş etdirilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası saxlanılarkən əsgər Hüseyn Axundova qarşı ağır işgəncələrin verilməsini 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması faktı kimi qiymətləndirərək qarşı tərəfin insanlığa sığmayan bu cür amansızlığını qətiyyətlə pisləyir və əsir düşmüş şəxslərlə beynəlxalq humanitar hüquq normalarına uyğun davranılmasını tələb edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda bildirilib. Məlumatda qeyd olunur ki, Dövlət Komissiyası tərəfindən əsgərlərimizin həyat və sağlamlığına qarşı yönəlmiş belə halların aradan qaldırılması və onların tezliklə azad edilməsi üçün aidiyyəti beynəlxalq təşkilatlara rəsmi qaydada müraciətlər ünvanlanaraq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə çağırış edilib.