İQTİSADİYYAT
Dövlət müstəqilliyimizin qazanılması, möhkəmləndirilməsi və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir
Bakı, 7 oktyabr (AZƏRTAC). Oktyabrın 7-də Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov bu dövr ərzində ölkəmizin öz inkişafının yüksək mərhələsinə qədəm qoyduğunu, mühüm nailiyyətlərə imza atdığını vurğulamışdır.
Müstəqilliyimizin ilk illərində ölkəmizin keçdiyi çətin və əzablı yola nəzər salan A.Bəşirov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının ağır iqtisadi-siyasi nəticələrindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, o zaman hakimiyyətdə olan iqtidarın siyasi səriştəsizliyi ölkədə vətəndaş müharibəsinə gətirib çıxarmış, dövlət müstəqilliyimiz təhlükə altına alınmışdı.
Bildirilmişdir ki, Vətənin bu ağır məqamında müdrik, qətiyyətli və millətinə sadiq olan ümummilli lider Heydər Əliyev xalqın çağırışına səs verərək siyasi hakimiyyətə qayıtmış və əsl müstəqilliyimizin tarixi də o dövrdən başlamışdır.
Ulu öndərimiz müstəqillik, azərbaycançılıq, demokratiya, milli və dünyəvi inkişaf kimi mühüm dəyərlər əsasında dövlətimizin təməlini qoymuşdur. 1994-cü ildə dünyanın tanınmış neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanı beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanıtdırmış, dünya iqtisadi sisteminə inteqrasiyasına təkan vermişdir. Dahi liderimiz Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan onilliklər tələb edən yolu olduqca qısa bir müddətdə qət etmiş, dövlət quruculuğunun hər bir sahəsində böyük nailiyyətlər əldə olunmuşdur.
Həmin illərdə Gəmiçiliyin fəaliyyəti ilə bağlı məlumat verən A.Bəşirov ulu öndərin respublikanın nəqliyyat donanmasının qorunub saxlanılmasında və inkişaf etdirilməsində böyük xidmətləri olduğunu vurğulamışdır. “Əsrin müqaviləsi”, “İpək Yolu”nun bərpası, həmçinin regionun digər strateji layihələri Gəmiçiliyin Xəzərdə aparıcı mövqeyini təmin etmişdir. Bu da öz növbəsində yükdaşımaları artırmağa, dənizçilərin rifahını yüksəltməyə imkan vermişdir.
Məhz ümummilli lider Heydər Əliyevin sayəsində ölkəmiz o zaman Beynəlxalq Dəniz Təşkilatına (İMO) üzv olmuş, bir çox dövlətlərlə dəniz gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında sazişlər bağlanmışdır.
Diqqətə çatdırılmışdır ki, respublikamız iqtisadi inkişaf sürətinə görə beynəlxalq aləmin diqqət mərkəzindədir. Bölgədə gerçəkləşdirilən bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilir. Uğurlu neft diplomatiyası dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu əvəzsiz edir. Müstəqil respublikamızın bugünkü uğurları ulu öndərimiz Heydər Əliyevin dövlətçilik kursunun layiqli davamçısı Prezident İlham Əliyevin praqmatik və strateji baxımdan düşünülmüş siyasətinin nəticəsidir.
Tədbirdə Gəmiçiliyin əməkdaşları çıxış edərək ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qazanılması, möhkəmləndirilməsi və inkişafında misilsiz xidmətlərindən, bu müddətdə respublikanın bütün sahələrində əldə olunan uğurlarından söz açmışlar.