İQTİSADİYYAT
Dövlət Neft Şirkətində karyeranın idarə edilməsi prosesləri uğurla davam etdirilir
Bakı, 27 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisə və təşkilatlarında çalışan işçilərin karyeralarının inkişafı ilə bağlı tədbirlər davam etdirilməkdədir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə ARDNŞ-də peşəkarlıq və fərdi keyfiyyət meyarlarına əsaslanmaqla hər bir işçinin xidməti fəaliyyətinin qiymətləndirilməsi üçün şüurlu karyera inkişaf planının müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Artıq şirkətin ekologiya, informasiya texnologiyaları və rabitə İdarələrində çalışan 1448 nəfər işçidən ilkin tələblərə cavab verən 690 nəfərin xidməti fəaliyyəti qiymətləndirilmişdir. Bununla onların ümumi, sahə və rəhbərlik üzrə fərdi keyfiyyət meyarları, hədəflər, vəzifə funksiyalarının icra vəziyyəti, əmək fəaliyyəti və nizam-intizam göstəriciləri qiymətləndirilmişdir. Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsində test imtahanından keçən, fərdi inkişaf təlimlərinə göndərilən, ixtisas təlimlərinə göndərilən, məmnunluq sorğusunda iştirak edəcək, təhkimçi rəhbər (mentor) qismində təyin olunacaq işçilər müəyyənləşdiriləcəkdir. Hazırda karyeranın idarə edilməsi sisteminin növbəti mərhələsi - testləşdirmə həyata keçirilməkdədir. 9, 16, 22 və 23 fevral tarixlərində təşkil edilmiş testləşdirmə mərhələsində 177 nəfər iştirak etmişdir. Testləşdirmə mərhələsi ARDNŞ-in İnsan Resursları Departamentinin inzibati binasında elektron qaydada həyata keçirilməkdədir. Bu mərhələdə işçilərə, iddia edilən sahə üzrə biliklərin yoxlanılması üçün 50, məntiqi düşünmə qabiliyyəti üzrə 25, Azərbaycanın neft-qaz sənayesi haqqında 10, informasiya texnologiyalarından istifadə üzrə 10, sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya üzrə 5 test tapşırığından ibarət 100 sual təqdim olunur. Test imtahanı nəticəsində mütəxəssis və rəhbər kateqoriyasına aid ehtiyat kadrlar müəyyənləşdiriləcək. Bununla yanaşı əməyin ödənilməsi dərəcəsi artırılacaq və maddi motivasiya tədbirləri şamil olunacaq işçilər müəyyənləşdiriləcək. Həmçinin, işçilərin peşəkarlıq göstəricilərinin artırılması istiqamətində zəruri və rəhbərlik bacarıqlarına aid təlimlərin planlaşdırılması da nəzərdə tutulmuşdur.