ELM VƏ TƏHSİL
Dövlət Proqramı çərçivəsində daha 24 azərbaycanlı tələbə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır
Bakı, 7 avqust (AZƏRTAC). “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində daha 24 azərbaycanlı tələbə 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş həmin tələbələr təhsilini Böyük Britaniya (12 nəfər), ABŞ (3 nəfər), Kanada (2 nəfər), İsveçrə (1 nəfər), Almaniya (1 nəfər), Avstriya (1 nəfər), Türkiyə (1 nəfər), Avstraliya (1 nəfər), Belçika (1 nəfər) və Niderlandda (1 nəfər) bakalavriat (9 nəfər), magistratura (14 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində müxtəlif ixtisaslar üzrə davam etdirəcəklər.
Müvafiq Dövlət Proqramına 2013-2014-cü tədris ili üzrə sənəd qəbulu avqustun 15-də başa çatacaqdır.