İQTİSADİYYAT
Dövlət Sığorta Kommersiya Şirkəti müstəqilliyimizin yetirməsidir
Bakı, 29 sentyabr (AZƏRTAC) Dövlət Sığorta Kommersiya Şirkətində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı növbəti tədbir keçirilmişdir.
Qurumdan AZƏRTAC-a bildirmişlər ki, “Müstəqillik dövründə Dövlət Sığorta Kommersiya Şirkətinin müstəqil şirkət kimi inkişaf yolu” mövzusunu əhatə edən tədbirdə respublikamızın keçdiyi şərəfli yoldan, müstəqilliyin ilk illərində ölkədə baş verən ictimai-siyasi hadisələrdən, dövlət suverenliyimizin qorunmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən söhbət açılmışdır.
Bildirilmişdir ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilən islahatlar ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasını qoymuşdur.
Son 8 ildə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində minimum əmək haqqı dəfələrlə artmış, əhalinin sosial rifahı yüksəlmiş, yoxsulluğun səviyyəsi aşağı düşmüşdür.
Müstəqillik dövründə bütün sahələrdə olduğu kimi, sığorta bazarında da mühum islahatlar həyata keçirilmişdir.
1991-ci ilin sentyabrın 20-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmışdır. Şirkət hazırda 28 sığorta növü üzrə lisenziyaya malikdir.
Vurğulanmışdır ki, ölkədə qəbul olunmuş qanunlar, qərarlar və digər normativ hüquqi aktlar respublikada sığorta bazarının inkişafına zəmin yaratmışdır. Azərbaycanın sığorta tarixində ilk dəfə 1993-cü ildə Milli Məclis tərəfindən “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun sığorta xidmətlərinin artmasına, sığorta təşkilatlarının maliyyə sabitliyinin möhkəmlənməsinə təkan vermişdir.