CƏMİYYƏT
Dövlətimizin başçısının Gənclər Forumundakı çıxışı gənclərlə yanaşı, veteran təşkilatları qarşısında da mühüm vəzifələr qoyur
Bakı, 3 fevral, AZƏRTAC
Prezident İlham Əliyev fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxış etdi, gəncləri maraqlandıran sualları cavablandırdı. Prezident Gənclər Forumundakı çıxışında ölkə gəncliyinə təşəkkürünü bildirdi, eyni zamanda, onların üzərinə düşən vəzifələri xatırlatdı. Dövlətimizin başçısı qeyd etdi ki, gənclərimiz özlərini inkişaf etdirməklə yanaşı, dövlətə maksimum faydalı olmağa çalışmalı, fəaliyyətlərində bu amili daim rəhbər tutmalıdırlar. Ümumiyyətlə, hər bir vətəndaşımız dövlətimizin, onun maraqlarının, milli mənafeyinin qorunmasına diqqət yetirməli, bu məsələdə əlindən gələni əsirgəməməlidir. Bu, bizim vətəndaşlıq borcumuz olmaqla yanaşı, həm də vicdan borcumuz, mənəviyyat borcumuzdur.
AZƏRTAC xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında deyib.
C.Xəlilov deyib ki, Azərbaycan Prezidenti gəncləri ayıq-sayıq olmağa səslədi, bəzi qüvvələrin gəncləri yoldan çıxarmaq cəhdlərinə diqqət çəkdi. Prezident İlham Əliyev bildirdi ki, xaricdən maliyyələşən bəzi qüvvələr ilk baxışdan gözəl, humanist təsir bağışlayan adlar və proqramlar altında gəncləri tarixlərinə, dövlətlərinə, dəyərlərinə qarşı qaldırmağa çalışır, bunun üçün maliyyə vəsaitləri ayırırlar. Belə cəhdlərin qarşısının alınmasının zəruriliyini vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, bu cür hallara qarşı mübarizə milli-mənəvi dəyərlərimizi qorumaqla yanaşı, həm də müstəqilliyimizi qorumaq baxımından vacibdir.
“Prezident İlham Əliyevin Gənclər Forumundakı çıxışı təkcə gənclər üçün deyil, həm də veteran təşkilatları, qeyri-hökumət təşkilatları qarşısında mühüm vəzifələr qoyur. Artıq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Prezidentin həmin çıxışından irəli gələn tələb və vəzifələrin müəyyənləşdirilməsi, onların icrasının müasir tələblərə uyğun şəkildə təşkili məqsədilə yeni proqram və tədbirlər planı hazırlanır. Yeni proqram və tədbirlər planı veteranlara dövlətimizin gənclərlə bağlı siyasətini daha səmərəli şəkildə dəstəkləməyə imkan verəcək. Dövlətimizi, onun siyasətini dəstəkləmək, milli birlik və bərabərliyimizin keşiyində dayanmaq hamımızın, o cümlədən biz veteranların borcudur və biz bundan sonra da bu borcu vicdan və ləyaqətlə yerinə yetirməyə çalışacağıq”, - deyə C.Xəlilov bildirib.